XİN: Azərbaycanın işğal olunmuş ərazilərinə indiyədək 180 əcnəbi jurnalist qanunsuz səfər edib

XİN: Azərbaycanın işğal olunmuş ərazilərinə indiyədək 180 əcnəbi jurnalist qanunsuz səfər edib Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən 180 əcnəbi jurnalist Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilib.
Bu barədə tehsil-press.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən jurnalistlər daha çox MDB məkanını əhatə edib. MDB ölkələrindən Rusiya və Ukrayna, Avropadan isə Almaniya və Fransadan olan jurnalistlər çoxluq təşkil edib.
XİN rəsmisi qeyd edib ki, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlə əlaqədar, ümumilikdə, nazirliyin “qara siyahı”sına 623 nəfər daxil edilib. 2016-cı ildə onlardan 20-yə yaxını rəsmi şəkildə üzr istədiyinə görə XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb. Onların arasında Litva, Yaponiya və Avstriyadan olan jurnalistlər də var. Daha çox Rusiya, Almaniya, Fransa, İtaliya, ABŞ-dan olan əcnəbilər Azərbaycanın işğal olunmuş ərazilərinə səfər ediblər.
Araşdırmalar zamanı məlum olub ki, 2016-cı ildə ötən illərdə olduğu kimi, Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən xarici vətəndaşların böyük əksəriyyəti aldadılıb. Digərləri isə erməni lobbisinin təsiri altında olan şəxslərdir.
Qeyd edək ki, Azərbaycanın işğal altında olan ərazilərinə yalnız Azərbaycan dövlətinin rəsmi icazəsi ilə səfər etmək olar. Əks halda həmin vətəndaşlar XİN-in arzuolunmaz şəxslər siyahısına salınır və onların Azərbaycana girişinə qadağa qoyulur.

Tehsil-press.az

Oxşar xəbərlər