Azərbaycanda intellektual, geniş dünyagörüşlü, vətənpərvər ruhlu yeni nəsil yetişib

Azərbaycanda intellektual, geniş dünyagörüşlü, vətənpərvər ruhlu yeni nəsil yetişib Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünya ölkələrinə nümunə olacaq bir səviyyədədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü, vətənpərvər ruhlu yeni nəsil yetişib.
Bu fikirləri 2 fevral – Gənclər Günü münasibətilə təhsil-press.az-a müsahibəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının beynəlxalq əlaqələr departamentinin direktoru, ADA Universitetinin Magistr Tələbə Məclisinin prezidenti Nurxan Babayev bildirib.
O qeyd edib ki, ölkəmizdə gənclərə olan dövlət qayğısı gündən-günə artmaqdadır, gənclərin hərtərəfli inkişafı üçün geniş şərait yaradılıb. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” kimi sənədlərin qəbulu dövlətimizin başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Bu proqramların hər biri gənclərin maraq və istəkləri nəzərə alınaraq hazırlanır. Ölkə gənclərinin dünyanın ən qabaqcıl, nüfuzlu ali təhsil müəssisələrində təhsil alması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması və bu Fond vasitəsilə yaradıcı gənclərin təşəbbüslərinə dəstək verilməsi, “Virtual Qarabağ” İKT mərkəzinin təsis edilməsi ilə Qarabağ həqiqətlərinin internet vasitəsilə dünyaya çatdırılması, Azərbaycan Tələbə Kartının istifadəsi və tələbələr üçün müxtəlif məkanlarda güzəşt və endirimlərin tətbiq olunması, bölgələrdə 40-a yaxın gənclər evinin açılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi və görülən bir çox işləri qəbul edilən sənədlərin nəticələri kimi qeyd etmək olar.
N.Babayev deyib: “25 illik müstəqillik tariximizdə ölkəmiz bir çox böyük uğurlara imza atıb. Bu uğurlar bütün sahələri əhatə edib. Gənclər və idman sahəsində qazandığımız ən böyük uğurlarımızdan biri isə Bakının ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etməsidir. Bu Oyunların uğurlu keçirilməsində ən böyük pay sahiblərindən biri, əlbəttə ki, 20 minə yaxın gənc, könüllü ordusu idi. Qarşıda bizi növbəti beynəlxalq tədbirlər gözləyir ki, bu məsuliyyətli işlərdə də gənclərimizin öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə inanıram”.
O qeyd edib ki, Azərbaycan Ordusunun əsas hissəsi olan gənclərin sağlam inkişafı Silahlı Qüvvələrimizin qüvvətlənməsi deməkdir.
Torpaqlarımızın 20 faizinin işğal altında olduğu indiki vaxtda bu vacibdir. Biz gənclər Prezidentimizin daxili və xarici siyasətini dəstəkləyir və dəstəkləyəcək, bundan sonra da dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin inkişafı üçün əlimizdən gələni edəcəyik. Hər zaman əlimizdə silah Ali Baş Komandan İlham Əliyevin əmri ilə Vətənimizin müdafiəsinə qalxmağa hazırıq.

Tehsil-press.az

Oxşar xəbərlər