Azərbaycan 2018-ci ildə İƏT Gənclər Nazirləri sessiyasının ev sahibi seçilib 

Azərbaycan 2018-ci ildə İƏT Gənclər Nazirləri sessiyasının ev sahibi seçilib  İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri Gənclər və İdman Nazirlikləri Şurası yaradılıb. Nazirlər Şurasının Daimi Katibliyi İƏT Gənclər Forumuna həvalə olunub.

Bu barədə Tehsil-press.az-a Gənclər Forumundan məlumat verilib.
Azərbaycan 2018-ci il üçün İƏT Gənclər Nazirləri Sessiyasının ev sahibi seçilib. “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasına yüksək qiymət verilib, kampaniya İƏT GİN Birgə Fəaliyyət Planina daxil edilib. İƏT Gənclər Forumu isə Nazirlər Şurasının Daimi Katibliyi elan edilib.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman nazirlərinin İstanbulda keçirilən sessiyası işini başa çatdırıb. Tədbirin son günündə İƏT ölkələrinin gənclər siyasəti sahəsində fəaliyyətlərini əks etdirən bir çox mühüm qərarlar, gənclik siyasəti üzrə İstanbul Deklarasiyası, İƏT GİN-lərinin Birgə Fəaliyyət Planı, İƏT İdman Strategiyası, ən mühümlərdən biri kimi, gələcək 10 ildə İslam ölkələri gənclik siyasətlərini formalaşdıracaq İƏT Gənclər Strategiyası kimi sənədlər qəbul olunub.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu tərəfindən hazırlanmış İƏT Gənclər Strategiyası elm, təhsil, ictimai aktivlik, insan haqları, orta biznesin inkişafı, təkfirçiliyə qarşı mübarizə kimi sahələrlə yanaşı, İƏT Gənclər Mərkəzləri, İƏT Gənclər Fondu yaradılmasını da nəzərdə tutur. İƏT Gənclər Strategiyası İslam ölkələri arasında gənclər siyasətinin qarşılıqlı əməkdaşlıq və vahid platforma əsasında aparılmasını nəzərdə tutan ilk belə sənəddir.
Tədbirdə ümumilikdə gənclər siyasəti üzrə 11 yekun qətnamə qəbul olunub. Qəbul olunan sənədlər arasında, İƏT ölkələri gənclər hərəkatlarının birgə fəaliyyət nümunəsi olaraq “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasına yüksək qiymət verilib. İƏT Gənclər Forumu isə Nazirlər Şurasının Daimi Katibliyi elan edilib.
Eyni zamanda, digər mühüm qərar olaraq, İƏT GİN Nazirləri 3-cü Sessiyası bu Staretigayadan irəli gələn gənclik fəaliyyətlərinin davamlı icrası üçün İƏT Gənclər və İdman Nazirləri Şurasının yaradılması haqda qərar qəbul edib. Nazirlər Şurasının effektiv və davamlı fəaliyyəti üçün Şuranın Daimi Katibliyinin də yaradılması haqda qərar qəbul olunub. İƏT arealında gənclər siyasəti sahəsindəki çoxillik fəaliyyət təcrübəsi nəzərə alınaraq, Sessiyasının qətnaməsi ilə Nazirlər Şurasının Daimi Katibliyi funksiyaları İƏT Gənclər Forumuna həvalə edilib.
2017-ci il üçün İslam ölkələri Gənclik Paytaxtları olaraq Malaziyanın Putracaya, İranın Şiraz və Mərakeşin Fəs şəhərləri seçilib və bu haqda İƏT Gənclər Forumu sədri Elşad İskəndərov həmin ölkələrin Gənclər Nazirlikləri ilə təntənəli mərasimdə müvafiq protokollar imzalayıb.
Eyni zamanda İƏT GİN sessiyası növbəti dönəm müvafiq toplantıya ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi haqda qərar qəbul edib. Azərbaycanda 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları ilə bağlı hazırlıqları və İƏT məkanında gənclər siyasətinə verdiyi dəstək, üzv ölkələrin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. İƏT GİN sessiyasına ev sahibliyi iki il davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər