Türkiyə səfiri BANM-də olub

Türkiyə səfiri BANM-də olub Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.
Səfiri salamlayan rektor Elmar Qasımov onu Ali Məktəbdə görməkdən məmnun olduğunu bildirdi. Azərbaycanla Türkiyənin qardaş ölkələr öldüğünü deyən rektor iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcudluğuna toxundu. Elmar Qasımov Türkiyənin universitetlərində çox sayda azərbaycanlı tələbələrin təhsil aldıqlarını və gənclərin bu ölkəyə böyük marağının olmasından bəhs etdi.
Rektor rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan, professor-müəllim heyəti, eyni zamanda tələbələrin uğurlarından söz açdı. O, BANM-lə Türkiyə universitetlərinin qarşılıqlı əlaqələrinin qurulmasında maraqlı olduğunu dilə gətirdi. Elmar Qasımov yaxın vaxtlarda Ali Məktəblə YÖK (Yüksekoğretim Kurulu) arasında əməkdaşlıqla bağlı işlərin görüldüyünü vurğuladı. Rektor Türkiyənin Orta Doğu Teknik Universiteti (ODTU) ilə BANM-in əlaqələrinin qurulmasına maraq ifadə etdi. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün Ali Məktəbə yenidən dəvət etdi.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral rektor Elmar Qasımova səmimi qəbula görə öz təşəkkürünü bildirdi. Səfir Türkiyə-Azərbaycan əlaqələrinin "bir millət iki dövlət" anlayışı üzərində qurulduğunu bildirdi. Iki qardaş ölkə arasında əlaqələrin inkişafından söz açan səfir əməkdaşlığın bütün istiqamətlərdə, xüsusilə təhsil sahəsində yüksək səviyyədə olduğunu dedi. Səfir Ali Məktəblə Türkiyənin ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduğunu dedi.
Görüşdə qarşılıqlı əməkdaşlıq, həmçinin YÖK-lə əlaqələrin inkişafı, Türkiyə universitetləri ilə BANM arasında birgə layihələr, tələbə-müəllim mübadiləsi və digər məsələlər müzakirə olundu.
Görüşün sonunda rektor səfirə “Fəxri qonaq” diplomunu təqdim etdi.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər