Perunun “El Peruano” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib

Perunun “El Peruano” qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc edilib Perunun ən nüfuzlu mətbu orqanlarından biri olan “El Peruano” qəzetində Azərbaycanın Meksikadakı səfirliyinin Peru ofisinin nümayəndəsi Mehdi Məmmədovun “Azərbaycan Xocalı qurbanlarını yad edir” başlıqlı məqaləsi dərc olunub.

Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı qətliamından, Ermənistanın ölkəmizə qarşı təcavüzündən, işğal olunmuş ərazilərdə həmvətənlərimizə qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən bəhs edilir.
Yazıda Xocalı şəhərinin yerlə-yeksan edilərək əhalisinin xüsusi qəddarlıqla kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Qeyd olunur ki, Azərbaycan xalqına qarşı törədilmiş bu vəhşiliklər məhz soyqırımı kimi qiymətləndirilir.
Yazıda Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının yüzlərlə günahsız sakininə qarşı törədilmiş vəhşiliklərdən geniş bəhs edilir. Bildirilir ki, soyuq fevral gecəsi zamanı meşə yolları ilə xilas olmağa çalışan günahsız insanlar pusquya salınaraq qəddarcasına qətlə yetiriliblər.
Diqqətə çatdırılıb ki, bu vəhşilikləri törətmiş şəxslər ədalət qarşısında cavab verməlidirlər. Dünya azərbaycanlıları bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan bu soyqırımına hüquqi qiymət verilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edir.
Qeyd edək ki, Peru Respublikası 2013-cü ildən Xocalı soyqırımını tanımış ölkələrin sırasına daxil olub.

Təhsil-press.az

Oxşar xəbərlər