Ombudsman Daşkəsəndə Xocalı soyqırımı ilə bağlı tədbir keçirib

Ombudsman Daşkəsəndə Xocalı soyqırımı ilə bağlı tədbir keçirib Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Daşkəsən şəhər 1 saylı tam orta məktəbdə Daşkəsən Rayon Təhsil Şöbəsi əməkdaşlarının, məktəb rəhbərliyinin, müəllim və şagird kollektivinin iştirakı ilə tədbir keçirilib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilk öncə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən dəhşətli hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. Bu faciə öz qurbanlarının məruz qaldığı açıq vəhşilik və qeyri-insani hərəkətlərin, pozulmuş insan hüquqlarının miqyasına görə bizə məlum olan dünya tarixində baş vermiş Xatın, Lidisa, Oradur kimi faciələr ilə eyni səviyyədə durur. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmiş, nəticədə bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmiş, şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuş, erməni silahlılarından yayınıb meşələrə, dağlara qaçmağa çalışan əliyalın soydaşlarımızın çoxu soyuqdan, şaxtadan məhv olmuşlar.
Bildirilib ki, Xocalıda baş vermiş qanlı hadisələr zamanı Ermənistan dövləti Azərbaycan xalqına qarşı soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, işgəncə, girov götürülmə kimi beynəlxalq cinayətləri törətmiş, bunu edən canilər beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalıdırlar.
Tədbirdə Ombudsmanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə və mötəbər beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına göndərilmiş bəyanatı səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər