ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsinin yoxlanılması başa çatdı

ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsinin yoxlanılması başa çatdı Xəbər verdiyimiz kimi, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kafedralarda tədris olunan fənlər üzrə professor, dosent, baş müəllim və müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqə ilə yanaşı, tədris-yardımçı heyətin də yoxlanılması keçirilir. Belə ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə İnsan resursları şöbəsi tərəfindən aprelin 25-dən başlayaraq universitetdə tədris-yardımçı heyətin: tədris laboratoriya müdirlərinin, tyutorların, laborantların, baş laborantların, tədris ustalarının, operatorların və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının bilik və peşəkarlıq səviyyəsinin yoxlanılmasına başlanılıb. Məqsəd onların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsidir. Yoxlamaya ümumilikdə 247 nəfər cəlb edilib. Yoxlama iki mərhələdə aparılıb. Birinci mərhələdə hər bir qrupu 14 nəfərdən ibarət olan tədris-yardımçı heyətin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bilik və bacarıqları yoxlanılıb. Yoxlamanın ikinci mərhələsi isə yazılı şəkildə aparılıb. Mayın 3-də keçirilən yazılı mərhələdə tədris-yardımçı heyətin ümumi elmi-nəzəri səviyyəsi, ixtisas bilikləri, eyni zamanda qanunvericiliklə bağlı bilikləri, məntiqləri, dünyagörüşləri respublikamızın tanınmış və nüfuzlu mütəxəssislərin iştirakı ilə yoxlanılıb. ADPU-nun rektoru, professor Cəfər Cəfərov yoxlama prosesinin gedişini izləyib. Qeyd edək ki, obyektiv və şəffaf keçirilən yoxlama prosesinin nəticələrindən asılı olaraq hər bir işçi barədə fərdi qaydada müvafiq qərar qəbul edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi

ADPU-da tədris-yardımçı heyətin bilik və peşəkarlıq səviyyəsinin yoxlanılması başa çatdı

Oxşar xəbərlər