
Yeni dəyişikliklə əsasən, qərarın 3.10-cu bəndinin"Qeyd"i ləğv edilib. Əvvəlki varianta əsasən, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirərkən onun həmin sürücülük vəsiqəsinin notarial qaydada tərcümə edilmiş variantını təqdim etməli idi. Yeni dəyişikliyə görə isə həmin hissə ləğv edilib.
Yeni dəyişikliyə görə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vərəqəsinin surətinin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.
Dəyişikliyi şərh edən ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, yeni qaydalara görə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bir aydan artıq Azərbaycan ərazisində yaşayırsa, həmin şəxs sürücülük vəsiqəsini dəyişdirməlidir:
"Yəni, köhnə qərarda bu məsələ yox idi. Digər bir məsələ isə odur ki, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirərkən onun həmin sürücülük vəsiqəsinin notarial qaydada tərcümə edilmiş variantını təqdim etməsinə ehtiyac yoxdur. Yəni, həmin şəxs əgər bir aydan artıq Azərbaycan ərazisində yaşayırsa, o həmin vaxt Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vərəqəsinin surətini və sürücülük vəsiqəsini Daxili İşlər Nazirliyinin İmtahan Qeydiyyat Bölməsinə təqdim edib dövlət rüsumunu ödəməklə Azərbaycan Respublikasının sürücülük vəsiqəsini əldə edə bilər. Həmçinin, bu vaxt sürücünün xarici sürücülük vəsiqəsi də özünə qaytarılır".
Təhsil-press.az