BMU Texnoparkı "Yeni Fikir Müsabiqəsi 2017"nin yarımfinal mərhələsini keçirir

BMU Texnoparkı 2013-cü ildən hər il mütəmadi olaraq keçirilən "Yeni Fikir Müsabiqə"sinin bu ilki əsas tərəfdaşı AMEA Yüksək Texnologiyalar Parkıdır. 2016-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan texnopark fəaliyyətə başladığı andan etibarən gənclər arasında təşəbbüskarlığı təşviq edir. AMEA Yüksək Texnologiyalar Parkının müsabiqəyə baş sponsor olmaqda əsas məqsədi innovativ sahibkarlığın inkişafına töhfə vermək və yüksək texnologiyaların inkişafı üçün önəmli olan mühitin formalaşmasına, ölkənin dayanıqlı sosial iqtisadi inkişafına dəstək verməkdir. Texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılması, təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, ölkənin və regionun inkişafında rol oyanaya biləcək beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması layihənin əsas məqsədlərindəndir.
Müsabiqə Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi və bir sıra şirkətlərin dəstəyi ilə həyata keçirilir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən yarımfinal mərhələsində "Yeni Fikir Müsabiqə"sinin layihə rəhbəri dr. İsa Qasımov qonaqları və startapçıları salamlayaraq qeyd edib ki, Bakı Mühəndislik Universitetinin həyata keçirdiyi "Yeni Fikir Müsabiqəsi"ndə respublika üzrə bütün gənclər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün bu il 148 layihə müraciət edib. Yarımfinal mərhələsinə 35 layihə vəsiqə qazanıb. Yarımfinalda hər bir layihənin təqdimatı üçün cəmi 9 dəqiqə vaxt ayrılır. Layihə müəllifləri 4 dəqiqə ərzində layihəni təqdim edirlər. Qalan 5 dəqiqə ərzində isə münsiflər heyətinin suallarına cavab verirlər. Qiymətləndirmə zamanı layihəni həyata keçirməkdə iddialı olan komandanın bilik və bacarığı, məhsul və xidmətin səmərəliliyi, bazar potensialı, rəqabət gücü və digər bu kimi meyarlar nəzərə alınacaq. Müsabiqənin iyunun 9-da keçiriləcək final mərhələsində isə 5 layihə qalib elan ediləcək. Bir çox tərəfdaşı olan müsabiqədə birinci yeri qazanan layihənin komandasına baş sponsor olaraq, AMEA YTP tərəfindən 10000 manat pul mükafatı veriləcək. Müsabiqədə iştirak edən uğurlu layihələrə, həmçinin AMEA Yüksək Texnologiyalar Parkında inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif ediləcək. Bu il 5-ci dəfə keçirilən Yeni Fikir Müsabiqəsinə indiyədək iş fikri ilə biznesini qurmaq istəyən 842 startap komandası müraciət edib.
Bu günün sonunda münsiflər tərəfindən növbəti mərhələyə keçən layihələr müəyyən olunacaq.

BMU-nun Mətbuat Xidməti


BMU Texnoparkı "Yeni Fikir Müsabiqəsi 2017"nin yarımfinal mərhələsini keçirir

BMU Texnoparkı "Yeni Fikir Müsabiqəsi 2017"nin yarımfinal mərhələsini keçirir

Oxşar xəbərlər