Bakı Dövlət Universitetində yerli və beynəlxalq informasiya agentliklərindən bəhs edən kitabın təqdimatı olub

Bakı Dövlət Universitetində yerli və beynəlxalq informasiya agentliklərindən bəhs edən kitabın təqdimatı olub Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, kafedranın müəllimləri Pərvanə İbrahimova və Vəfa İsgəndərovanın “Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri, Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri, Beynəlxalq jurnalist hərəkatı” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.
Müvafiq qurumların nümayəndələrinin, mətbuat orqanlarının rəhbərlərinin, professor və müəllimlərin iştirak etdikləri tədbirdə jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev müasir informasiya cəmiyyəti quruculuğunda elmin, təhsilin mühüm rolundan danışıb.
Təqdim edilən nəşr barədə fikirlərini bildirən dekan qeyd edib ki, dərs vəsaitində həm dünya, həm yerli xəbər agentlikləri, həm də bu informasiya resurslarını birləşdirən beynəlxalq jurnalist təşkilatları, onların yaranması, fəaliyyətindən bəhs edilir.
Kitabın rəyçisi, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, universitetlərin jurnalistika fakültələrinin tələbələri, müəllimlər, peşəkar jurnalistlər, media sahəsi üzrə araşdırma aparan mütəxəssislər üçün nəzərdə tutulan dərs vəsaitində Fransa, Rusiya, Almaniya, ABŞ, Böyük Britaniya, Türkiyə, İtaliya, İspaniya, Portuqaliya, Yaponiya, Çin, Hindistan və ərəb ölkələrinin informasiya agentlikləri tədqiq edilib, bununla yanaşı, Azərbaycan informasiya resurslarının fəaliyyəti araşdırılıb.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, İctimai Televiziyanın Yayım Şurasının üzvü Azər Həsrət, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, Report.az saytının baş redaktoru Murad Əliyev çıxış edərək üç hissədən ibarət kitabın ilk bölməsində dünyanın xəbər axınını təmin edən əsas informasiya agentliklərinin, ikinci bölmədə Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC-dan başlayaraq çağdaş dövrün bütün agentlikləri və xəbər portallarının, üçüncü bölmədə isə beynəlxalq jurnalist təşkilatlarının tədqiqata cəlb olunduğunu qeyd edib, Azərbaycanın dünya informasiya məkanına inteqrasiyası və beynəlxalq jurnalist təşkilatları ilə əməkdaşlığının təhlil edildiyini diqqətə çatdırıblar.
Jurnalistika fakültəsinin müəllimləri Allahverdi Məmmədov, Sevinc Əliyeva, Nəsir Əhmədli, Alxan Məmmədov, Sabir Məmmədov, İlham Mazanlı, Təranə Mahmudova, Akif Babayev kitabın əhəmiyyətindən danışıb, onu yüksək qiymətləndiriblər.
Çıxış edən müəlliflər tədbirin iştirakçılarına təşəkkürlərini bildiriblər.
Kitabın məsləhətçisi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) Baş direktoru Aslan Aslanov, elmi redaktorları, professorlar Cahangir Məmmədli, Nəsir Əhmədli, rəyçilər “APA Holding”in prezidenti Vüsalə Mahirqızı və siyasi elmləri doktoru Sabir Məmmədli, redaktorları isə Anzulə Cəfərova və Nərminə Əsədovadır.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər