Tbilisi Dövlət Universitetində azərbaycanlı alimin gürcü dilində çapdan çıxmış kitabının təqdimatı olub

Tbilisi Dövlət Universitetində azərbaycanlı alimin gürcü dilində çapdan çıxmış kitabının təqdimatı olub Oktyabrın 20-də İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun gürcü dilində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabının təqdimatı keçirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir ölkələrimiz arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunub.
Universitetin prorektoru Mixeil Çxenkeli deyib ki, bu gün ölkələrimiz arasında elm sahəsində də əlaqələr sürətlə inkişaf edir. Bu cür kitablar elm və təhsil sahəsində münasibətlərimizin inkişafında mühüm rol oynayır. O, Rza Talıbovun kitabını olduqca sanballı təhqiqat əsəri adlandırıb. Prorektor kitabın gürcü dilində nəşr olunmasında göstərdiyi dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkür edib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında ölkələrimiz arasındakı qədim dostluq əlaqələrindən danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində münasibətlərimizin yeni müstəvidə daha da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Səfir diplomatik münasibətlərimizin 25–ci ildönümü ərəfəsində bu cür tədbirlərin keçirilməsinin, alimlərimizin əsərlərinin hər iki dildə tərcümə olunmasının vacibliyini qeyd edib. Bildirib ki, bu gün oxuculara təqdim olunan kitabda Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələri, Azərbaycan-Çin əməkdaşlığı geniş tədqiq olunub. Bu da tələbələr və bu sahədə araşdırma aparmaq niyyətində olan tədqiqatçılar üçün fundamental mənbə rolunu oynaya bilər.
Kitabın tərcüməçisi, professor Cabuki Kiriam, tarixçi alim, professor Quram Marxuliya və başqaları çıxış edərək elmi əsərin mahiyyətindən danışıblar. Bildirilib ki, Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı qitə ölkələrinin dünya siyasətində və beynəlxalq xarici əlaqələrdəki yerinin və əhəmiyyətinin, həm də Azərbaycan ilə əlaqələrinin dərindən tədqiq və təhlil edildiyi yüksək elmi-təcrübi əhəmiyyətə malik olan əsər kimi müasir siyasi elmimizin uğurlarından biri olmaqla, həm də beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbələr, tədqiqatçılar, siyasətçilər, gənc müəllimlər üçün faydalı mənbədir.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dərslik kimi təsdiq etdiyi “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitab ali məktəblərdə dərslik kimi istifadə olunur. Kitab MDB ölkələrinin bir çoxunun ali məktəblərində də tədris olunur.

Tehsil-press.az

Oxşar xəbərlər