Dövlət Dəniz Akademiyasında “Dil - karyeraya gedən yol” ali məktəblərarası tələbə müsabiqəsi başlayıb

Dövlət Dəniz Akademiyasında “Dil - karyeraya gedən yol” ali məktəblərarası tələbə müsabiqəsi başlayıb Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ənənəvi “Dil - karyeraya gedən yol” IV Ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsinə start verilib.
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev müasir dövrdə tələbə gənclərin karyera hazırlığında xarici dillərin, xüsusilə də ingilis dilinin böyük rol oynamasından danışaraq, bu müsabiqənin əhəmiyyətini vurğulayıb.
Bildirib ki, özlərini dünyanın hər hansı mötəbər ali məktəbinin tələbəsi görmək istəyən, gələcək karyerasını qurmaq arzusunda olan gənclər xarici dillərin öyrənilməsinə diqqəti artırmalıdırlar. ADDA Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə bu müsabiqəni daha geniş miqyasda təşkil edərək, tələbələrə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradır. Məhz bunun nəticəsidir ki, 4 il əvvəl müsabiqənin ilk ilində iştirakçı sayı 8 ali məktəbdən 32 nəfər idisə, indi bu göstərici 2 dəfə artaraq 16 ali məktəbdən 77 nəfər təşkil edir. Bunlar Azərbaycan Dövlət Dəniz Akademiyası ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Fransız Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasıdır.
ADDA-nın yaranma tarixini və şərəfli inkişaf yolunu əks etdirən videofilm nümayiş olunduqdan sonra respublikamızın müxtəlif ali məktəblərinin müəllimlərindən ibarət münsiflər heyəti təqdim edilib. Münsiflər heyətinə Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyeva rəhbərlik edir.
Daha sonra 2016-cı ildə keçirilmiş müsabiqənin qalibi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Məmmədağa Baydəmirov builki iştirakçılarla öz ürək sözlərini çatdırıb.
Dəniz Akademiyasının Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov müsabiqənin şərtlərini elan edib.
Qeyd edib ki, hər iştirakçıya seçdiyi mövzunu 3-4 dəqiqə ərzində audiovizual materialların köməyi ilə təqdim etmək şansı verilir. Tələbələr xarici dildə çıxış etməklə bir daha karyeraya gedən yolda dil amilinin önəmli bir vasitə olduğunu göstəriblər.
Müsabiqənin qalibinə 1-ci dərəcəli diplom və noutbuk, II yerin sahibinə 2-ci dərəcəli diplom və planşet, III yer tutan tələbəyə 3-cü dərəcəli diplom və mobil telefon, bütün iştirakçılara isə müvafiq sertifikatlar təqdim olunacaq.

ADDA-nin Mətbuat Xidməti


Dövlət Dəniz Akademiyasında “Dil - karyeraya gedən yol” ali məktəblərarası tələbə müsabiqəsi başlayıb

Oxşar xəbərlər