Dövlət İdarəçilik Akademiyasında “Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda elmi konfrans keçirilib

Dövlət İdarəçilik Akademiyasında “Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda elmi konfrans keçirilib Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda elmi konfrans keçirilib.
DİA-nın nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə təşkil olunan konfransda bu ali təhsil ocağının rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin tarix elmi qarşısında mühüm xidmətlərindən söz açıb, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini diqqətə çatdırıb.
Rektor bu gün əldə edilən nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ inkişaf strategiyasının dayandığını bildirib, bu strategiyanın reallaşdırılmasında ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolunu vurğulayıb. Urxan Ələkbərov müvafiq sahədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin, xüsusən də Heydər Əliyev Fondunun önəmli fəaliyyətindən də bəhs edib.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib ki, rəhbərlik etdiyi elm müəssisəsinin elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. O deyib: “Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında həyata keçirilir. Dövlətimizin başçısının institutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi kimi dəyərləndirməsinin bütün məsuliyyətini dərindən dərk edirik. Biz tarixçi-alimlər ölkə rəhbərinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək üçün bütün qüvvələrimizi səfərbər edəcəyik”.
Diqqətə çatdırılıb ki, 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına “Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı” fəxri adı verilib.
“Məhz dövlətimizin başçısının qayğısı sayəsində son illərdə Tarix İnstitutunda 400-dək tədqiqat əsəri işıq üzü görüb. Xalqımıza “26 Bakı komissarı” adı ilə təqdim olunan, Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyanın və digər cəlladların cəsədlərinin qalıqlarının Bakının mərkəzindən şəhər qəbiristanlığına köçürülməsi qərarı ilə dövlətimizin başçısı şüurlarda inqilab etdi. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq İlham Əliyevin prezidentliyi dövründə Tarix İnstitutu ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir”, - deyə Yaqub Mahmudov vurğulayıb. Bildirilib ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev kimi tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan, inkişaf etdirən dövlət başçısıdır, tarix yaradan tarixi şəxsiyyətdir.
Konfrans çərçivəsində ölkə başçısının təşəbbüsü ilə Tarix İnstitutunda çap olunan elmi əsərlərin təqdimatı və 1000-dək kitabın sərgisi olub. Yaqub Mahmudov institutun nəşrlərini Qarabağ Araşdırmalar Mərkəzinə və DİA-nın elmi kitabxanasına hədiyyə edib.
Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ləyaqətlə, müasir dövrün tələblərinə uyğun, novatorcasına davam etdirilir. Bütün sahələrdə böyük uğurlara imza atan Azərbaycanın beynəlxalq mövqeyi gündən-günə möhkəmlənir. Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycanda təşkil olunan mötəbər beynəlxalq tədbirlər, ölkəmizin dünyaya inteqrasiyası istiqamətində atılan addımlar və əldə olunan nailiyyətlər respublikamızın, əsl mənada, inkişaf dövrü yaşamasının bariz göstəricisidir. Bu, bütün sahələrdə olduğu kimi, Azərbaycanın tarix elminin inkişaf etdirilməsi baxımından da dəyərlidir.
Elçin Əhmədov AMEA-nın 70 illik yubileyində Prezident İlham Əliyevin çıxışını xatırladaraq dövlətimizin başçısının Azərbaycan tarixinin yenidən yazılması ilə bağlı ortaya qoyduğu siyasi iradənin təqdirəlayiq olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin Tarix İnstitutunun İrəvan tarixi ilə bağlı obyektiv araşdırmalarını və bu araşdırmaların xarici dillərə tərcümə olunmasını alqışladığını diqqətə çatdırıb. “Dövlətimizin başçısı yubiley tədbirində vurğuladı ki, çar Rusiyası dövründə nəşr olunmuş xəritələr indiki Ermənistan ərazisində erməni mənşəli toponimlərin olmadığını sübut edir. Bu fakt onu göstərir ki, həqiqətən də Azərbaycan tarix elmi Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifədən irəli gələrək yenidən yazılmalıdır. Bu istiqamətdə ən aparıcı rolu oynayan Tarix İnstitutudur”, - deyə Elçin Əhmədov bildirib.
Ermənilərin əsassız ərazi iddialarını ifşa etmək üçün Tarix İnstitutunun hazırladığı fundamental əsərləri təqdirəlayiq sayan Elçin Əhmədov Yaqub Mahmudov başda olmaqla AMEA-nın Tarix İnstitutunun gördüyü işlərin yüksək qiymətə layiq olduğunu vurğulayıb və dəyərli hədiyyəyə görə minnətdarlığını bildirib.

Hüseyn Şərifov

Oxşar xəbərlər