Dövlət İmtahan Mərkəzində keçiriləcək hazırlıq kurslarına qeydiyyat başlanıb

Dövlət İmtahan Mərkəzində keçiriləcək hazırlıq kurslarına qeydiyyat başlanıb Aprelin 4-də Dövlət İmtahan Mərkəzində (DİM) yeni təhsil proqramları əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətini davam etdirəcək.
Hər fənn üzrə iki ay davam edəcək kurslara qeydiyyat yanvarın 8-dən martın 30-u saat 23:59-dək aparılacaq. Kurslar Bakıda, DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan regional bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrin magistrləri də iştirak edə bilərlər.
Regional bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (hər qrupda 10 nəfər) elan ediləcək.
Ödənişli olan bu kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.
Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil edilir və onlara sertifikatlar təqdim olunur. Kursu bitirənlər müqavilə əsasında ekspert və ya marker kimi DİM ilə əməkdaşlığa cəlb oluna bilərlər.
Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

Hikmət Əliyev

Oxşar xəbərlər