Tələbə biznes forumu: “Biznesdə uğurlu addımlar”

Tələbə biznes forumu: “Biznesdə uğurlu addımlar” Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Biznesdə uğurlu addımlar” mövzusunda tələbə biznes forumu keçirilib.
Açılış mərasimində prorektor Anar Eminov dövlət tərəfindən gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onların bu sahəyə maraqlarının artırılması istiqamətində keçirilən müxtəlif tədbirlərdən söz açıb.
Bildirilib ki, forumun əsas məqsədi Azərbaycanda son illər sürətlə inkişaf edən biznes təşəbbüslərinin təşviq olunması və bu sahədə uğur qazanmış şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaradılmasıdır. Eyni zamanda, gənc təşəbbüskarların biznes biliklərinin artırılması üçün davamlı olaraq bu istiqamətdə forum, seminar və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, gənclərin müvafiq forumlara marağı olduqca böyükdür və müraciətlərin sayı gözləniləndən də çoxdur. Məhz buna görə qarşıdakı aylarda bu mövzuda bir neçə layihəni reallaşdırmaq nəzərdə tutulur. Bunlardan biri də “Biznes Mən” layihəsidir. Layihə qaliblərinə ATMU tərəfindən pul mükafatının verilməsi qərara alınıb.
Forumda universitetin biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev bildirib ki, tədbirin formatı gənclərin nəzəri və praktiki biliklərinin, o cümlədən biznes maraqlarının artırılmasını təmin edir, habelə sahibkarlığın inkişafına təkan verir.
Sonra forumda iştirak edən təlimçilər gənclərə bilik və bacarıqlarından söz açıb, tələbələrin suallarını cavablandırıblar.

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər