Avropa Dəniz Təhlükəsizliyi Agentliyi ADDA-da təftiş aparıb

Avropa Dəniz Təhlükəsizliyi Agentliyi ADDA-da təftiş aparıb Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (ADTA) mütəxəssisləri 24-25 oktyabr tarixlərində Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik təhsili və sertifikatlandırma sisteminin beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə təftiş aparıblar.
Qonaqlar əvvəlcə Akademiyanın rektoru Çingiz Əliyevlə görüşərək, təftiş proseduru barədə məlumat veriblər. Bildiriblər ki, ADDA-da Keyfiyyətin menecmenti sistemi, müvafiq siyasət və məqsədlər, səlahiyyət və məsuliyyətlər, resursların idarə edilməsi, dövlət akkreditasiyası, təhsil və təlim üzrə tətbiq olunan milli qaydalar və sair bu kimi məsələlər təftiş obyekti olacaq. Çingiz Əliyev Dəniz Akademiyasında tədrisin təşkili, beynəlxalq standartlara uyğunluq istiqamətində görülən işlər, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyinin bilavasitə dəstəyi ilə alınan ən müasir trenajor və simulyatorlar, tədris gəmisi haqqında ətraflı danışıb.
Görüşdən sonra ADTA-nın mütəxəssisləri Akademiyanın maddi-texniki bazası ilə yaxından tanış olublar, bütün struktur bölmələrin müvafiq sənədlərini yoxlayıblar. Onlar növbəti gün ADDA-nın Təlim-Tədris Mərkəzinə gediblər. Mərkəzin direktoru Emil Manafov qonaqları trenajor və simulyator avadanlıqları ilə təchiz olunmuş təlim otaqları ilə tanış edib, onların suallarına cavab verib, xüsusi olaraq vurğulayıb ki, TTM ölkəmizdə DP kursları və imtahanlarının keçirilməsi üçün Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı təfərindən akkreditasiya olnunmuş yeganə Təlim-Tədris Mərkəzidir.
Qonaqlar ADDA-nın maddi-texniki bazasının səviyyəsindən razı qaldıqlarını bildiriblər, Akademiyanın fəaliyyətinin beynəlxalq standartlara uyğunluğu istiqamətində tövsiyələrini veriblər.

ADDA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər