Rusiyalı şagirdlər ölkəmizdə informatika üzrə keçiriləcək beynəlxalq olimpiadaya dəvət olunublar

Rusiyalı şagirdlər ölkəmizdə informatika üzrə keçiriləcək beynəlxalq olimpiadaya dəvət olunublar Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov Moskva şəhəri Mədəniyyət Departamentinin direktor müavini Vladimir Filippovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı F.Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan söz açıb. Nazir müavini tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqindən danışıb, istedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində fənn olimpiadalarına marağın daha da artdığını bildirib, həmçinin 2019-cu ildə ölkəmizdə informatika üzrə keçiriləcək beynəlxalq olimpiadaya rusiyalı şagirdlərin də dəvət olunduqlarını deyib.
F.Qurbanov Azərbaycan ilə Rusiya arasında təhsil sahəsinin bir çox istiqamətləri üzrə geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb. Moskva Dövlət Universiteti və M.T.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarının uğurlu fəaliyyətini qeyd edən nazir müavini ölkəmizdə rus sektorunda tədrisin aparıldığını, rus dili və ədəbiyyatı üzrə hər il olimpiadanın keçirildiyini, Rusiya Federasiyasının aparıcı ali təhsil müəssisələrində azərbaycanlı gənclərin təhsil almaları üçün kvotaların ayrıldığını söyləyib.
V.Filippov Moskvada təhsil sahəsində yeniliklər, aparılan islahatlar, yeni informasiya texnologiyalarının tədrisdə tətbiqi və digər aktual məsələlərlə bağlı geniş məlumat verib. Azərbaycanda rus dilinə göstərilən diqqəti vurğulayan V.Filippov təhsil sisteminin informasiyalaşdırılması, məktəbdənkənar fəaliyyətin təşkili sahələrində təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını qeyd edib.
Görüşdə, həmçinin moskvalı şagirdlərlə paytaxtımızın şagirdləri arasında idman yarışları və intellektual oyunların keçirilməsi təklif olunub.

Tehsil-press.az



Oxşar xəbərlər