Görüşdə tərəflər arasında 2018-ci ildə imzalanmış memorandumdan irəli gələn vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Əməkdaşlıq imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, yeni əməkdaşlıq istiqamətləri, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə-müəllim mübadiləsinin intensivləşdirilməsi, MBA proqramı üzrə əməkdaşlıq və təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub. Görüşdə Azərbaycan və Qazaxıstanın ali təhsil müəssisələri arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, ali təhsilin qlobal çağırışlara cavab yolları, təhsil proqramlarının beynəlxalq akkreditasiyası kimi məsələlər də diqqət mərkəzində olub.
Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində yerləşən universitet regionun biznes və idarəetmə təhsili sahəsində aparıcı ali təhsil müəssisələrindən biridir. 35 ildən artıq zəngin fəaliyyət tarixinə malik Almatı Menecment Universiteti postsovet məkanında biznes təhsilinin inkişafında pioner rolu oynayıb. Qazaxıstanda yaradılmış ilk biznes məktəbi kimi tanınır və ölkədə sahibkarlıq mühitinin formalaşmasına mühüm töhfələr verib. Biznes, idarəetmə, iqtisadiyyat və sahibkarlıq kimi sahələrdə geniş təhsil proqramları həyata keçirən universitet Qazaxıstanda MBA (Master of Business Administration) və DBA (Doctor of Business Administration) proqramlarını tətbiq edən ilk ali təhsil müəssisələrindən biridir.
Tehsil-press.az









