UNEC-də imtahan sessiyasına nəzarəti ictimaiyyət nümayəndələri həyata keçirəcək

UNEC-də imtahan sessiyasına nəzarəti ictimaiyyət nümayəndələri həyata keçirəcək UNEC-də rektor, professor Ədalət Muradovun sədrliyi ilə Elmi Şuranın iclası keçirilib. Əvvəlcə UNEC humanitar fənlər kafedrasının professoru Abbas Seyidov Avstriyanın İnnsbruk şəhərində yerləşən Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin akademiki seçilməsi münasibətilə döş nişanı ilə təltif edilib. Habelə UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyevə Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı təqdim olunub.
clasda tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktor müavini Söhrab İsayev 2018/2019-сu tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat verib. İmtahanın təhsil prosesinin olduqca məsuliyyətli bir mərhələsi olduğunu qeyd edən məruzəçi sessiyanın zəruri səviyyədə keçirilməsi məqsədilə rektorun tapşırığı əsasında hazırlıq tədbirlərinin icrasının yekunlaşdırıldığını bildirib.
Qeyd edilib ki, tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin imtahan prosesində iştirakı təmin olunacaq. Bu il də əvvəllər olduğu kimi, qış imtahan sessiyasının monitorinqi və nəzarət səlahiyyətləri təhsil ictimaiyyətinin və medianın nümayəndələrinin yer aldığı UNEC İctimai Nəzarət Şurasına həvalə ediləcək.
Şura üzvləri sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan “Açıq qapı”lar keçirərək, tələbə və valideynlərin müraciətlərini dinləyəcək. Eyni zamanda, Şura üzvləri sessiyanın yekunlarına dair müzakirələr aparacaqlar.
Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə yaradılmış imtahan komissiyaları tələbələrin müracitələrini qəbul etməyə hazır olacaq. Komissiya sessiya müddətində yarana biləcək sual və müraciətlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edəcək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda mümkün nöqsanların aradan qaldırılması sahəsində zəruri addımlar atacaqlar.
Tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün tədris binalarının kitabxanaları, həmçinin UNEC 24/7 Kitabxanası gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Tələbələrin sorğuları qeyd edilən kanallarla yanaşı, 18-46 nömrəsində operativ fəaliyyət göstərən UNEC-in “Qaynar Xətt”i tərəfindən, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC rəsmi “Facebook” kanalından və hər bir tədris binasında çalışan qərargahlar tərəfindən cavablandırılacaq.
Sessiya dövründə tələbə və valideynlərin imtahanların gedişi ilə məlumatlandırılması, sualların cavablandırılması məqsədi ilə UNEC saytında mütəmadi olaraq xəbərlər yerləşdiriləcək, Radio UNEC-də rəhbər şəxslər çıxışlar edəcəklər.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər