Müəllimlərin səsinə səs verən tapılacaqmı?

Müəllimlərin səsinə səs verən tapılacaqmı? Redaksiyamıza daxil olan məktubu oxucularımıza təqdim edirik:

6 saylı Bakı Peşə Liseyinin müəllimi
Paşayeva Ramella Vəliyəddin qızı tərəfindən
“Təhsil-PRESS.az” İnformasiya Agentliyinə


Ərizə


Hörmətli redaksiya!
25 ildir ki, 6 saylı BPL-də müəllim işləyirəm. Neft Kimya İnstitutunun energetika fakültəsini bitirmişəm (indiki ADN və Sənaye Universiteti).
Təəssüf hissi ilə bildirirəm ki, uzun müddətdir işlədiyim 6 saylı peşə liseydə son bir neçə aydır ki, müəllim və pedaqoq adına yaraşmayan qanunazidd hərəkətlərin və etikadan kənar əməllərin hər gün şahidi oluram. Bu təkcə məni yox, eyni romanda çiyin-çiyinə çalışdığım kollektivi də narahat edir. Odur ki, sizə müraciət edirik. Xahiş edirik bizim şikayətimizi aidiyyatı insanlara çatdırasınız.
Şəlalə Babayeva (ixtisasca biologiya müəllimidir) təxminən 5 ilə yaxındır ki, tədris hissə müdiri işləyir. Ş.Babayeva dərs bölgüsündə açıq-açığına özbaşınalığa yol verir. İxtisası uyğun gəlməyən, sinif otağına belə girməyən müəllimlərə istədiyi dərsi verir. Məsələn, Şirzadova Aynur, heç bir dərslərdə iştirak etməyə-etməyə əvvəllər informatika, kompüter, indi isə biologiya dərsi verilib. Ancaq Aynur müəllimə bəlkə də liseyin yolunu belə yaddan çıxarıb. Bir müəlliməmizə isə, hal-hazırda 5 ayrı-ayrı fənlərdən dərs verilib. Hətta ilin əvvəlindən mənim elektrik avadanlıqları dərsimi yarım ildən sonra keçəcəksən deyərək, başqa bir Rəhilə müəlliməyə vermişdir.
Daha sonra, 69 saatlıq dərs yükünün 38 saatı Rüstəm müəllimə verilib, yerdə qalan 30 saatı kimə verilib, hələ də məlum deyil.
Soruşanda isə deyir kimə hansı dərsi verirəm, özüm bilərəm, nə istəsəm edirəm, özüm bilərəm.
Onu da qeyd edim ki, vaxtilə sabiq təhsil naziri Mikayıl Cabbarova əvvəlki direktor Alik Abdullayev və Şəlalə Babayevanın qanunsuz əməlləri vəzifələrini düzgün yerinə yetirməmələri, işlərində ciddi qayda pozğunluqlarına yol vermələri barədə teleqram vurmuşdum. Cənab nazir qısa vaxtda məsələyə obyektib yanaşdı və direktoru cəzalandırdı. Şəlalə müəllimə isə hələ də öz aurasındadır.
O yenə də keçmiş əməllərindən əl çəkmir, hələ o vaxt Şəlalə Babayeva mənim xəbərim olmadan mənim adımdan barışıq vərəqəsi yazmışdır. Ağ vərəqdə yalnız imzam olub. Mən imzamdan kənar heç bir barışıq ərizəsi yazmamışdım.
Adı jurnalda olan ancaq dərsə gəlməyən, üzünü belə görmədiyim şagirdlərə mənim əvəzimdən qiymət yazmışdır. O, mənim kimi başqa müəllimlərin də haqqını pozur, onların əmək haqlarını, ehtiyat saatlarını, və mükafatlarını kəsir.
Deyəndə ki, müəllimə, belə olmaz axı, siz mənim dərs saatımı niyə kəsirsiniz, cavabı belə olur – yaxşı etmişəm – kimə, hara istəsəniz deyə, yaza bilərsiniz. Xoşunuz gəlmirsə çıxıb gedə bilərsiniz...
Hörmətli redaksiya!
Sizdən xahiş edirik ki, mənim və mənim kimi haqqı, hüququ tapdalanan müəllimlərin səsinə səs verəsiniz. Bizim haqq səsimizi hörmətli nazirimiz cənab Ceyhun Bayramova çatdırasınız.

Hörmətlə:
Ramella Paşayeva


Bir məktubun izi ilə...
Redaksiyamıza daxil olan məktubla əlaqədar 6 saylı Bakı Peşə liseyinə baş çəkməli olduq. Bizi liseyin birinci mərtəbəsində şikayətçi müəllimlər Ramella Paşayeva, Rəna Əliyeva, Ədalət Qocayev, Afət Musayeva, Aynurə Namazova, Əsgər Əbilov və İsmət Bayramov qarşıladılar. Şikayətçi müəllimlərin söhbətindən anladıq ki, 6 N-li BPL-də sözün əsl mənasında özbaşınalıq, rəhbərsizlik, necə deyərlər dərəbəylik hökm sürür. Beş-üç nəfər istədiyi hərəkəti edir, belə desək, burada mənəm, Bağdadda kor xəlifə - deyib öz işlərini görür qalanlarsa qapı arxasında qalıblar, nə onları dinləyən, nə də onların harayına hay verən var. Liseyin direktoru Rəşad Xanlarov bütün səlahiyyətləri isə deyəsən dəstə rəhbəri Şəlalə Babayevaya verib, o da nə istəsə onu da edir, müəllimlər belə deyirlər. “Axırıncı aşırım” kinosunda deyildiyi kimi: “Kərbəlayi İsmayıl bütün səlahiyyətləri verib Qəmloya...” O da nə istəyir, onu edir.
Şəlalə müəllimə kimə istəsə dərs verir, kimin istəsə “dərsini” verir. Heç kəsin də cürəti çatıb, ona qaşın üstə qara var deyə bilmir. Narazılıq edənlərə isə Şəlalə xanımın bir sözü olur: xoşun gəlmir çıx get, kimə istəsən deyə bilərsən, yaza bilərsiz. Mənim üçün heç bir dəxli yoxdur...
Şikayətçi müəllimlər Təhsil Nazirliyinə, Peşə Təhsili üzrə Dövlət Agentliyinə şikayət etsələr də heç bir nəticə olmayıb. Bəlkə də aidiyyatı qurumlar 6 saylı Peşə liseyinin olmasını tamam unudublar. Müəllimlər deyirlər, - biz direktorumuz Rəşad Xanlarovun üzünü görmək həsrətindəyik. Sentyabr ayından direktor kimi təyin olunan Rəşad müəllim nəinki şikayətin mahiyyətini öyrənmək istəyir, heç müəllimlərin sifətini belə görmək istəmir. Necə deyərlər, əlçatmaz, ün yetməz şəxsə çevrilən hörmətli direktoru bir-iki müəllimdən başqa, hər kəsə onu görmək nəsib olmur...
Məktəbdə uzun illər çalışan, saç ağardan müəllimlər təəssüflər olsun ki, Rəşad müəllimi nə görə, nə də ürək sözlərini ona deyə bilirlər. Müəllimlər deyirlər: -Direktor Şəlalə Babayevanı ərəb-zəngi kimi oturtdub qəbul otağında, hünərin varsa keç içəri, görüm necə keçirsən. Dərs yüklərinin ədalətsiz bölgüsündən, müəllim nüfuzunun aşağlanmasından, müəllim kimi şərəfli bir adın bu qədər təhqir olunmasından gileylənən müəllimlər, onların dərd-sərlərini, ağrı-acılarını aidiyyatı insanlara, çatdırmasını istəyirdilər. Onlar xahiş edirlər ki, liseydə baş verən bu özbaşınalığa son qoyulsun...

Müəllimlərin səsinə səs verən tapılacaqmı?

Müəllimlər təhsil naziri Ceyhun Bayramovdan kömək istədilər.

Ədalət Qocayeva: (İngilis dili müəllimi)
İllərdi ki, bu məktəbdə çalışıram. Ömrümü, gəncliyimi bu məktəbin yollarında xərcləmişəm. Hələ belə təhqir olunub, alçaldığım olmamışdı, bu nədir? Müəllim adına, müəllim nüfuzuna yaraşmayan hadisələrin şahidi oluram.
Təhsil millətimizin, ölkəmizin gələcəyidir. Millətin inkişafı, gələcəyi, dövlətin, xalqın varlığı onun təhsilində, elmində, mədəniyyətində, formalaşır, kamilləşir. Bu gün aparılan islahatlar, uğurlar bizi bir təhsil işçisi kimi sevindirməyə bilməz. Bütün bunlara görə biz ilk növbədə ölkə Prezidentimiz cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdar olmalıyıq. Görün son bir neçə ildə təhsil sahəsində nə qədər islahatlar gedir. Bu qədər işlər görülür, yeniliklər olur, ancaq bu gün bu təhsil müəssisəsində, 6 saylı peşə liseyində, təhsil nəinki inkişaf etmir, sözün əsl mənasında təhsil məhv edilir. Burada övladlarımız təhsil alır. Onlara da bilik verən, yol göstərən, peşə, sənət öyrədən, biz müəllimlərik. Bizə olunan bu hörmətsizlik, ögey münasibət dilə gətiriləsi deyil. Görün nə vəziyyətdir ki, müəllim direktorun otağına nəinki direktorun heç müəllimlər oyağına girə bilmir. Buna nə ad vermək olar? Biz indiyə qədər nə belə münasibət görmüşük, nə də ki, belə haqsızlıq, ədalətsizlik! Xahiş edirəm bizim sözümüzü, şikayətimizi mətbuat vsitəsilə təhsil naziri cənab Ceyhun Bayramova çatdırasınız.
İsmət Bayramov: (idman müəllimi)
- Mən idman müəllimiyəm, mənə deyirlər açıq dərs keç, deyirəm neçə? Sinif otağında? Meydança yox, top yox, o yox, bu yox, heç nə yox. Mən neyləyim belə rəhbərliklə, necə işləyim, necə başa salım. Mümkün deyil. Heç olmasa müəssisəyə rəhbər təyin edəndə onun nəyə qadir olduğunu, öyrənsələr yaxşı olardı. 2018-ci ilin sentyabrından Rəşad müəllim direktor təyin edilib. Elə ilk gündən də onunla göüşmək asimana çıxmaq kimi bir şeydi... Kabinetinin qapısını bağlayıb oturub içəridə. Müəllimə göstərilən bu hörmətsizliyə nə ad vermək olar? Bu haqsızlığı kimə deyək? Söz deyəndə də bizi “açıq dərs” adı ilə təhdid edir, qorxudurlar. Əgər şərait yoxdursa, açıq dərsi necə keçək? Bax bunu soruşan yoxdur. Bir sözlə burada əməlli-başlı hərc-mərclikdir, xahiş edirik bizim sözümüzü cənab nazirimizə çatdırasınız...
- Rəna Əliyeva:
Mən gənc müəlliməyəm, ölkəmizdə həmişə gənclərə hörmət, qayğı ilə yanaşılıb.
“Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Bu sözlər ulu öndərimiz, Azərbaycanın ümummilli lideri Heydər Əliyevə məxsusdur. Mən bu gün böyük ürəklə deyərdim ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanın təhsil sistemində də böyük uğurlarımız, nailiyyətlərimiz var. Heydər Əliyev Fondunun prezidenti, şəxsən hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Yeniləşəən Azərbaycana yeni məktəb layihəsi” uğurla icra olunmaqdadır. Hər il Prezidentin Ehtiyat Fondundan təhsilimizin inkişafına nə qədər vəsait ayrılır. Ancaq biz bu inkişafdan və tərəqqidən geridə qalmışıq.
Təəssüf hissi ilə qeyd edim ki, bu gün 6 saylı Bakı Peşə Liseyində nəinki inkişaf, yenilik, tərəqqi var, əksinə gerilik, tənəzzül var. Burada sözün əsl mənasında dərəbəylik, rəhbərsizlik, özbaşınalıq hökm sürür, kimə müraciət edəcəyimizi bilmirik. Təhsil Nazirliyinə, Peşə Təhsili üzrə Dövlət Agentliyinə, müraciət etmişik. Ancaq heç bir faydası olmayıb... Xahiş edirik bizə köməklik edəsiniz, bəlkə səsimizi eşidən, bizi dinləyən tapılar. Ümidimiz təhsil nazirimiz Ceyhun Bayramovadır. Görünür ona burada baş verənlərlə bağlı məlumat verən yoxdur.
Müəllimlərlə söhbət zamanı gəlişimizdən xəbər tutan direktor müavini Elnarə Qocayeva otağa gəldi. Müəllimlərə dedi: - Siz danışdınız, indi mən danışım, Siz də qulaq asın.
Elnarə xanım başladı ki, şikayətçilərlə bağlı fikirlərini desin, bu an başqa bir müavin, təlim-tərbiyə işləri üzrə direktor müavini Orxan Rəhimov otağa daxil oldu. Bizdən sənət və kimliyimizi soruşdu, özümüzü təqdim etdik. Təqdimatı eşidən Elnarə xanım, - a, məndə elə bilirəm bunlar Nazirlikdən gəliblər. Sən demə mətbuatdan imişlər – deyən Elnarə xanım öz qızıl vaxtını bizlə, nə də ki, şikayətçi müəllimlərlə itirmək istəmədi, otağı tərk etdi. Biz də belə düşündük, o düz etdi, axı Elnarə xanım niyə öz dəyərli vaxtını dəyərsiz mətbuata sərf etsin. İnanıram hələ Elnarə xanım 3-cü mərtəbədən birinci mərtəbəyə gəlişinə görə özünü çox qınayacaq. Ruslar demişkən: “Kakoy ni budu” mətbuat üçün... Və Elnarə xanım özü demişkən, a, a məndə elə bilirəm... sən demə... Neynəyək günah Elnarə xanımda deyil. Görünür günah mətbuatın özündədir. Özünü 4-cü hakimiyyət adlandıran cənab mətbuat görünür öz hakimiyyətini qoruyub saxlaya bilməmişdir.
Orxan müəllim isə bizə qayda-qanun öyrətməyə çalışdı. - Siz gərək əvvəlcə direktoru görəydiniz, sonra bunlarla (müəllimlərlə) söhbət edəydiniz – deyən direktor müavini siyasətçi müəllimlərə məhəl belə qoymadan otağı tərk etdi. Ay Orxan müəllim, ay rəhmətliyin oğlu bizə direktoru görün deyirsəm, direktoru heç öz işçiləri görə bilir ki, biz də onu görmək arzusuna düşək. Bir də ki, bizim məqsədimiz direktorla görüşümüzdən əvvəl şikayətçi müəllimi dinləmək, onların problemləri ilə maraqlanmaq, dərdlərinə şərik olmaqdır. Onların haqlı şikayətlərini imkanımız daxilində aidiyyatı qurumlara, səlahiyyətli şəxslərə çatdırmaqdır. Bu ilk növbədə bizim həm vətəndaşlıq, həm də peşə borcumuzdur!
Qaldı ki, 6 saylı Bakı Peşə Liseyində baş verənlərə, güman edirik ki, aidiyyatı qurumlar müəllimlərin haqlı narazılıqlarını, onların haqlı tələblərini nəzərə alacaq və tədbir görəcəklər. Müəllim peşəsi ilk növbədə müqəddəs peşədir, bu peşə sahiblərinə hörmət etmək, qayğı, göstərmək sayğı ilə yanaşmaq hər kəsin vəzifə, vicdan, vətəndaşlıq borcudur!
Söz yox ki, naziri də, alimi də, həkimi də, generalı da müəllim yetişdirir. Bir daha deyirik, onlara hörmət, hər kəsin ümidə borcudur. Biz də redaksiya olaraq müəllimlərin haqlı giley və tələblərinin yerinə yetirilənə qədər onlarla birlikdə olacağımıza söz veririk. Axı bizim də valiseynimiz qədər müəllimlərimizə hörmətimiz var və inanırıq ki, müəllimlərin çağırışına cənab nazir Ceyhun Bayramov biganə qalmayacaq.

Hikmət Əliyev
Əkbər Hüseynzadə

P.S. Biz redaksiya olaraq qarşı tərəfin mövqeyini öyrənməyə və dərc etməyə hazırıq...

Müəllimlərin səsinə səs verən tapılacaqmı?

Oxşar xəbərlər