Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar mövzusunda konfrans keçirilib

Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar mövzusunda konfrans keçirilib Aqrar Xidmətlər Agentliyi (AXA) və Bayramlı GROUP-un birgə təşkilatçılığı ilə “Heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmalar” mövzusunda konfrans keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, AXA-nın məsul şəxsləri, elmi-tədqiqat institutlarının alimləri, özəl və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Konfransda giriş sözü ilə AXA-nın sədri Sərdar Hacıyev çıxış edərək baytarlıq xidmətlərinin institusional potensialının gücləndirilməsinin heyvan sağlamlığının qorunması və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, hazırda baytarlıq sisteminin təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və fermerlərə göstərilən xidmətlərin əlçatanlığının və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müasir və innovativ metodların tətbiqi sayəsində profilaktik tədbirlərin düzgün planlaşdırılması, eləcə də epizotik sabitliyin təmin edilməsi və xəstəliklərlə mübarizədə qabaqlayıcı tədbirlərin gücləndirilməsi sahəsində mühüm nəticələr əldə edilməkdədir.

O vurğulayıb ki, bu səpkidə tədbirlərin keçirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi baytar mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, heyvan xəstəliklərinin diaqnostikasında və müalicəsində yeni yanaşmaların tətbiqinə öz töhfəsini verəcəkdir.

Kənd Təsərrüfatı Nazirinin müşaviri Zaur Əliyev çıxış edərək son illərdə ölkədə heyvan sağlamlığı üzrə aparılan islahatlar, baytarlıq xidmətlərinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. Nazirin müşaviri heyvan xəstəliklərinə qarşı mübarizədə müasir elmi metodların tətbiqinin vacibliyini vurğulayıb.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq siyasəti şöbəsinin müdiri Bayandur Rzayev ölkədə epizotik vəziyyətin sabit saxlanmasında, eləcə də heyvandarlıq məhsullarının istehsalında baytarlıq sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək bu sahədə innovativ texnologiyanın tətbiqinin vacibliyini bildirib.

“Bayramlı Group” şirkətinin direktoru Cavid Bayramlı özəl baytarlıq xidmətinə keçidin üstünlükləri və dövlət-özəl əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimov Heyvan sağlamlığı və baytarlıq xidmətləri sahəsində cari ildə görülmüş işlərə dair hesabatı iştirakçıların diqqətinə çatdırıb.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini Mehman Hacızadə “Regionda qeydə alınan xüsusi təhlükəli xəstəliklər: Təhdidlər və hədəflər”, ADA Universitetinin əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ömərov “Baytarlıq təbabətində profilaktik strategiyaların CRISPR-Cas9 əsaslı genetik redaktə üsulları ilə inteqrasiyası”, Mehmet Akif Ersoy Universitetinin professoru Prof. Dr. Örsan Güngör və baytar həkim Osman Cengiz “İribuynuzlu heyvan xəstəliklərinin profilaktikası və müalicəsində tətbiq olunan yeni yanaşmalar”, “Bayramlı Group” şirkətinin direktor müavini Dürdanə Rəcili “Xüsusi təhlükəli xəstəliklərin müasir diaqnostika üsulları”, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) eksperti Elşad Rzayev isə “Baytarlıq sahəsində biotəhlükəsizlik qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması” mövzularında təqdimatla çıxış ediblər.

Sonda heyvan xəstəliklərinin erkən aşkarlanması, diaqnostik proseslərin təkmilləşdirilməsi, müasir profilaktika modelləri, həmçinin dövlət-özəl əməkdaşlığının gücləndirilməsinə dair müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər