BŞTİ şeir müsabiqəsi təşkil edəcək

BŞTİ şeir müsabiqəsi təşkil edəcək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında “Azərbaycan dili milli varlığımızdır” mövzusunda şeir müsabiqəsi keçiriləcək.
Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin tarixi barədə məktəblilərin biliklərini təkmilləşdirmək, onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və istedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir.
Müsabiqənin VI-XI sinif şagirdləri arasında fevral-mart aylarında üç mərhələdə keçirilməsi nəzərdə tutulur.
“Azərbaycan dili milli varlığımızdır” mövzusunda şeir müsabiqəsinin I mərhələsi fevralın 5-dən 22-dək ümumi təhsil müəssisələrində təşkil olunacaq. Bu mərhələ üzrə yalnız I yerin qalibləri rayon mərhələsində iştirak etmək hüququ qazanacaq.
Müsabiqənin II mərhələsi fevralın 25-dən martın 7-dək, III mərhələsi isə martın 11-dən 30-dək baş tutacaq. Müsabiqənin III – şəhər mərhələsində rayon mərhələsində I, II yerləri tutan şagirdlər iştirak edəcəklər. Şəhər mərhələsində I, II və III yerləri tutan iştirakçılar qalib olacaqlar.
Müsabiqənin əsasnaməsinə əsasən, seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün ayrılmış vaxta riayət edilməsi əsas meyarlardır.
“Azərbaycan dili milli varlığımızdır” şeir müsabiqəsinin qalibləri 5 ballıq sistem üzrə qiymətləndiriləcək. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin tədbirlər planının icrasını təmin etmək məqsədilə keçirilir.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər