Hyustonda Xocalı qətliamı anılıb

Hyustonda Xocalı qətliamı anılıb Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Hyuston şəhərində anım tədbiri keçirilib.
Tehsil-press.az-a Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata əsasən, Hyustonda fəaliyyət göstərən Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə əsasən Azərbaycan icmasının üzvləri, yerli sakinlər və tələbələr iştirak edib.
Tədbir faciənin qurbanlarının bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Hyustonda yerləşən Azərbaycan Mərkəzi adından çıxış edən Toğrul Məmmədbəyov Xocalı faciəsi barədə tarixi və faktoloji məqamlar barədə məlumat verib, hər il keçirilən bu tədbirin Xocalıda baş verənlərin unudulmaması, Xocalı həqiqətlərinin geniş yayılması, həmçinin faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Tədbirdə iştirak edən Azərbaycanın ABŞ-da Səfirliyinin əməkdaşı Azad Aslanov Xocalı soyqırımının konteksti barədə danışıb, onun Ermənistanın-Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olduğunu bildirib, Ermənistanın həqiqətləri təhrif etmək istiqamətində apardığı fəaliyyətin qarşısının alınması yolunda diaspora təşkilatlarımızın rolunun əhəmiyyətindən danışıb. Həmçinin qeyd edilib ki, Xocalıda törədilən əməllərə hüquqi qiymətin verilməsi və cinayətkarların cəzalandırılması ədalətin təmin olunması ilə yanaşı, regionda sülhün bərqərar olunması, eləcə də bu kimi əməllərin bir daha baş verməməsi baxımından əhəmiyyətdir. Səfirlik əməkdaşlı həmçinin Ermənistanın işğalçı siyasəti nəticəsində düşdüyü təcrid vəziyyətindən və nəticədə ölkə iqtisadiyyatının iflasından danışıb, onun münaqişənin həlli prosesində konstruktiv mövqe tutmadıqca və işğal edilmiş əraziləri boşaltmayınca bu vəziyyətdən çıxmaq imkanının olmadığını qeyd edib.
Türkiyənin Hyustondakı Baş Konsulluğunun əməkdaşı çıxış edərək Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib, Xocalı faciəsinin anılmasının və tanıdılmasının vacibliyinə toxunub və hər iki dövlətin üzləşdiyi təhdidlərə qarşı birgə mübarizənin zəruriliyindən danışıb.
Daha sonra tanınmış rejissor Şamil Nəcəfzadənin ekranlaşdırdığı Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan “Müharibə uşaqları” filmi nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər