Macarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Macarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib Azərbaycanın Macarıstandakı Səfirliyində Xocalı faciəsinin 25 illiyi münasibəti ilə anım mərasimi keçirilib. Mərasimdə macar ictimaiyyətinin nümayəndələri, mətbuat təmsilçiləri, diplomatik korpusun üzvləri, Budapeştdə təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Səfirlikdən Təhsil-press.az-a verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfirliyin müşaviri Qalib Həsənov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının tarixi Azərbaycan şəhərində dinc əhaliyə qarşı törətdikləri vəhşilik haqqında ətraflı məlumat verib. Xocalıda yaşanan insanlıq dramını XX əsrin ən dəhşətli etnik soyqırımlarından biri kimi dəyərləndirib.
Budapeşt Biznes Məktəbinin azərbaycanlı magistri Emil Novruzov Xocalı soyqırımı ilə bağlı özünün ingilis dilində hazırladığı video-təqdimatı nümayiş etdirib.
Budapeştdəki Azərbaycan diasporunun fəal üzvlərindən biri, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva Xocalı həqiqətlərinin Macarıstana və digər Avropa ölkələrinə çatdırılması sahəsində xaricdə yaşayan soydaşlarımızın indiyə qədər gördükləri və görməli olduqları işlərdən bəhs edib.
Türkiyənin Macarıstandakı Səfirliyinin birinci müşaviri Əlaəddin Çarık Dağlıq Qarabağ münaqişəsi başlayan gündən Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib. Xocalı soyqırımının 25 illiyi münasibəti ilə Türkiyə Böyük Millət Məclisinin xüsusi bəyanatla çıxış etdiyini, ölkə miqyasında Azərbaycanla həmrəylik və Xocalı qurbanlarını anım mərasimlərinin keçirildiyini diqqətə çatdırıb.
Daha sonra anım mərasiminin iştirakçılarına belçikalı rejissor Mişel İvorun çəkdiyi “Ağdam. 5 fraqment” sənədli filmi təqdim olunub. Taleyinə Xocalıdan da az müsibət düşməyən qədim Azərbaycan şəhərinin və onun sadə sakinlərinin erməni işğalı nəticəsində məruz qaldıqları dəhşətlər heç kimi laqeyd buraxmayıb.
Tədbirin sonunda çıxış edən səfir Vilayət Quliyev anım mərasiminə toplaşanlara təşəkkürünü bildirib. Macarıstanın Döndöş və Tisevaşvari şəhərlərinin işğal altında olan Azərbaycan şəhərləri Şuşa və Ağdamla qardaşlaşdığını xatırladan səfir bunun macar xalqının və dövlətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətinin ifadəsi olduğunu diqqətə çatdırıb. Xocalı soyqırımını xüsusi bir qəddarlıq və amansızlıqla hazırlayıb həyata keçirənlərin indiki Ermənistan rəhbərliyində təmsil olunduğunu xatırladan səfir bu yolla onların Azərbaycan xalqının mübarizə əzmini qırmaq istədiklərinə diqqət çəkib. Lakin düşmənin məkrinin baş tutmadığını, Xocalı soyqırımının hər bir azərbaycanlının ürəyində haqlı intiqam hissi alovlandırdığını qeyd edib və işğal altındakı bütün torpaqlarımızın mütləq azad ediləcəyinə inamını bildirib.

Təhsil-press.az

Oxşar xəbərlər