Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Şirvanşahlar saray kompleksini ziyarət ediblər

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Şirvanşahlar saray kompleksini ziyarət ediblər Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Şirvanşahlar saray kompleksini ziyarət edib.
Tələbələrə Azərbaycan memarlığının incilərindən olan Şirvanşahlar sarayı və burada aparılan arxeoloji qazıntılar, kompleksin ümumdünya mədəni irs siyahısına daxil edilməsi haqqında məlumat verilib.
Qeyd olunub ki, yeddi əsrlik mövcudluğu ərzində Şirvanşahlar dövləti orta əsrlər Azərbaycanın dövlətçilik tarixində özünəməxsus iz qoyub. Ayrı-ayrı hökmdarlar – I Fəribürz, III Mənuçöhr, I Şeyx İbrahim, I Xəlilullah kimi görkəmli dövlət başçıları haqqında məlumatlar verilib, onların hakimiyyət illərinin Şirvanşahların intibah dövrünə təsadüf etdiyi nəzərə çatdırılıb.
Tələbələr tarixi abidə kompleksinə daxil olan Saray binası, Divanxana, Seyid Yəhya Bakuvinin türbəsi, Keyqubad məscidi, Murad darvazası, Saray məscidi, Şirvanşahlar türbəsi, Saray hamamı, ovdantikililərini ziyarət edərək, hər biri haqqında maraqlı tarixi faktlarla tanış olublar. Onlar Şirvanşahlar dövrünə aid nadir eksponatlar, qədim dövrlərə məxsus maraqlı maddi-mədəni irs nümunələrinə baxıblar.
Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, ölkəmizin tarixi-mədəni irsi ilə yaxından tanış olması istiqamətində silsilə tədbirlərini davam etdirir.

Aİİ-nin Mətbuat Xidməti


Oxşar xəbərlər