Turizm və Menecment Universitetində tədbir: Narkomaniya bahalı bəladır

Turizm və Menecment Universitetində tədbir: Narkomaniya bahalı bəladır Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Narkomaniya bahalı bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, xidmət mühəndisliyi fakültəsinin dekanı, dosent Kənan Allahverdiyev narkomaniyanı XXI əsrin ən böyük bəlalarından biri hesab olunduğunu söyləyib. Qeyd edib ki, ölkəmizdə bu bəlaya düçar olanların sayında artım var. Narkotizm tədricən yayılan neqativ sosial bəladır. Məhz narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə dövlətimiz tərəfindən mühüm addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Qurumun başlıca vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin reallaşdırılmasını təmin etmək, dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdir.
Bildirilib ki, ölkəmizdə bu sahəyə dair dövlət səviyyəsində mühüm sənədlər qəbul edilib.
Tədbirdə “KİM” Şirkətlər Qrupunun direktoru David Poladovun “Səxsiyyətin sosiallaşmasında narkomaniya amilinin mənfi obrazı”, Gənclərin Sağlamlıq Mərkəzinin direktoru Kənan Hacıyevin “Narkomaniya nəticəsində çətin həyat şəraitinə düşmüş şəxslərin reabilitasiyası və adaptasiyası” təqdimatları maraqla qarşılanıb.
ATMU-nun tələbə elmi cəmiyyətinin sədri Rüfət Malik Əjdərli, tələbə Fərrux Ələkbərzadə sosial bəlaya qarşı mübarizədə təhsilin, geniş mütaliənin, elmi-mədəni tədbirlərin, o cümlədən idmanın əhəmiyyəti barədə düşüncələrini bölüşdülər.
Tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparılıb.

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər