Gömrük Akademiyasının tələbəsi: “Təcrübi biliyə qabaqcadan sahib olmaq bir avantajdır”

Gömrük Akademiyasının tələbəsi: “Təcrübi biliyə qabaqcadan sahib olmaq bir avantajdır” Bayramov Xəlil Sahib oğlu Dövlət Gömrük Komitəsinin Akademiyasında İqtisadiyyat ixtisası üzrə 4-cü kursda təhsil alır. Oxuduğu müddətdə Akademiya tərəfindən bir neçə yerli və beynəlxalq tədbirlərə, seminar və konfranslara göndərilib. 2018-ci ilin yayında SOCAR-AQŞ LLC-nin yay təcrübə proqramı üzrə müsabiqədən keçərək Logistika departamentində iki aylıq təcrübə keçmək haqqı qazanıb. Təcrübədən sonra şirkət tərəfindən iş təklifi alıb. Hazırda öz buraxılış işinin mövzusuna uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda (İİETİ) Regionların davamlı inkişaf problemləri şöbəsində təcrübə keçir.
Sizi bu qurumda necə qarşıladılar? Nə kimi işlər görürsünüz?
- Təcrübə yerində istər şöbədəki işçilər, istərsə də digər şöbənin işçiləri biz tələbələri mehribancasına qarşıladılar və təcrübə ərzində verdiyimiz sualları ətraflı və dolğun şəkildə cavablandırırlar. Şöbədə görülən işlərdə yaxından iştirak edirik və işçilərin qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsində onlara kömək edərək biz də cəlb olunuruq. Bununla da, real iş mühitində çalışmağı, situasiyaya adaptasiya olunmağı və qoyulan tapşırıqların öhdəsindən vaxtında gəlmək kimi praktiki bacarıqları öyrənirik.
Bizə bir günlük iş planınızı təsvir edərsinizmi?
- Qeyd etdiyim kimi, gün ərzində şöbə tərəfindən bizə verilən tapşırıqları yerinə yetiririk. Məsələn, arayış və hesabatların hazırlanması, statistik məlumatların yığılması, aktual mövzularla bağlı araşdırmaların aparılması, elmi işlərin yazılma qaydalarını öyrənmək və bir sıra tərcümə işləri. Təcrübə gününün sonunda isə gün ərzində yerinə yetirdiyimiz işləri gündəlikdə qeyd edirik.
Sizcə, tələbə olaraq bu təcrübənin sizin üçün hansı müsbət tərəfləri olacaq?
- Düşünürəm ki, təcrübə keçdiyim yerdə elmi araşdırmaların aparılması və dissertasiyaların yazılmasını öyrənməyimin gələcəkdə doktorantura pilləsində təhsil alarkən mənə çox yardımı dəyəcək. Bundan əlavə, magistratura və karyera həyatında da bir sıra elmi araşdırmalar aparmağa ehtiyac yaranacaq və bu təcrübi biliyə qabaqcadan sahib olmaq bir avantajdır.
Akademiyada tədris zamanı aldığınız nəzəri biliklər təcrübədə köməyinizə yetirmi?
- Əlbəttə. İİETİ-də araşdırmalar iqtisadiyyat yönümlü olur və nəzərə alsaq ki, “İqtisadiyyat” ixtisası üzrə təhsil alıram, təcrübə yerində görülən işlər yad gəlmir, kitablarda oxuduqlarımıza real iş mühitində şahid oluruq. Araşdırma metodlarına əvvəlcədən bələd olmağımız prosesdə geriyə qalmamağımıza yardımçı olur.
Yaxşı mütəxəssis olmaq üçün, sizcə, nəzəri biliklər, yaxud təcrübə daha çox önəmlidir?
- Məncə, bu işdən asılı olaraq dəyişə bilər. Amma ümumi götürsək, bu ikisini bir-birindən ayırmaq olmaz. Təcrübə nəzəri biliyin ardıdır, nəzəri öyrənilənləri real olaraq tətbiq etmək deməkdir. Yaxşı mütəxəssis isə nəzəri biliyə sahib olmalı və iş mühitində zaman-zaman təcrübə toplamalıdır ki, öz işini yüksək potensialla yerinə yetirsin.
Müsahibəyə görə təşəkkür edirik və sizə uğurlar arzulayırıq.

DGKA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər