Mədəniyyət və İncəsənət Universitetində tədbir: Heydər Əliyev və gənclər siyasəti

Mədəniyyət və İncəsənət Universitetində tədbir: Heydər Əliyev və gənclər siyasəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), ADMİU-nun tələbə gənclər təşkilatı və tələbə həmkarlar ittifaqının təşkilatçılığı ilə reallaşdırılıb.
Əvvəlcə tədbir iştirakçıları ADMİU-nun əsas tədris binasının foyesində Ulu Öndərin büstü önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva Azərbaycan tarixində misilsiz xidmətləri olan qüdrətli dövlət xadimi Heydər Əliyevin mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə qayğısından söz açıb. Qeyd edib ki, ADMİU-da çalışan müəllimlərin əksəriyyəti Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləridir və onlar Ulu Öndərin mədəniyyətimizə göstərdiyi diqqət və qayğının şahidləridir.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ADMİU-da da silsilə tədbirlərlə qeyd olunur. Bu ilin aprel-may aylarında ADMİU və ADPU-nun musiqi müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə Ulu Öndərin ad gününə həsr olunmuş “Gələcəyin müəllimi” I Açıq Musiqi Müsabiqəsi keçirilib. Həmçinin “Heydər Əliyevin mədəniyyət konsepsiyası” mövzusunda elmi-praktik konfrans təşkil olunub. Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, ADMİU, Suraxanı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Suraxanı Rayon təşkilatı ilə birgə Ulu Öndərə həsr olunan “Heydər Əliyev fenomeni və milli-mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib. Konfransda ADMİU-nun müəllimləri - professor Aqşin Babayev, Xalq artisti, kinorejissor Oqtay Mir-Qasım, Xalq artisti, professor Zamiq Əliyev, aşıq sənəti kafedrasının müdiri və sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhliman Rəhimov məruzə ilə çıxış ediblər.
Prorektor deyib: “Zaman keçdikcə biz Ulu Öndərin fenomenal şəxsiyyət olduğunu daha aydın şəkildə başa düşürük. Heydər Əliyev deyirdi ki, gənclik bizim gələcəyimizdir. Biz gəncliyə böyük ümidlər bəsləyirik. Siz müstəqil Azərbaycan respublikasının azad vətəndaşlarısınız. Bunun qədrini bilməli və məsuliyyətini dərk etməlisiniz. Görkəmli dövlət xadimi Heydər Əliyevin bizə qoyduğu ən böyük miras müstəqil Azərbaycandır. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Ulu Öndər bizə böyük bir irs qoyub. Siz gənclərin borcu bu irsi qoruyub yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır”.
Professor Aqşin Babayev görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O deyib: “Ümummilli lider Heydər Əliyev heç kəslə müqayisəyə gəlməyəcək fenomenal şəxsiyyət idi. Gənclər siyasəti Ümummilli Liderin yürütdüyü uzaqgörən siyasətin əsas tərkib hissələrindən idi. O, gənclərin xaricdə təhsil almasına xüsusi önəm verirdi. 1982-ci ilə qədər dünyanın 50 ölkəsinin 170 ali məktəbinə 50 ixtisas üzrə 15000 azərbaycanlı göndərmişdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən bir il sonra Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-ci il fevral ayının 2-si ölkəmizdə Gənclər Günü təsis edildi. Bütün bunlar görkəmli dövlət xadimi Heydər Əliyevin gənclərə nə qədər önəm verdiyinin göstəriciləridir. Dahi şəxsiyyət Heydər Əliyev ruhən incəsənətə çox bağlı adam idi. Hazırda ADMİU-nun yerləşdiyi bu binanı da bizə dahi rəhbər Heydər Əliyev bağışlayıb. Bu gün də Azərbaycanda Ulu Öndərin gənclər və mədəniyyət siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyevin və birinci xanim Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü və bu görüşdən sonra teatr və kino sahəsində bir sıra problemlərin operativ şəkildə həll olunması ölkəmizdə dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasətinin uğurla davam etdirilməsinin bariz göstəricisidir”.
Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Məryəm Əlizadə ümummilli lider Heydər Əliyevin teatr sənətinin incəliklərinə bələd olmasından, bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev respublikamızın yaradıcı insanlarına, tanınmış ədəbiyyat, mədəniyyət və elm xadimlərinə, xüsusilə də teatr xadimlərinə daim diqqət və qayğı ilə yanaşıb.
Məryəm Əlizadə Ulu Öndərin də iştirak etdiyi “Şəhərin yay günləri” tamaşası haqqında xatirələrini bölüşüb.
Sonra çıxış edən Aşıq Əhliman Rəhimov Ümummilli Liderlə görüşlərindən söz açıb, dahi rəhbərə həsr etdiyi şeirini səsləndirib. O qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev poeziyaya, aşıq sənətinə dərindən bələd idi, yalnız klassik aşıqların deyil, müasir sənətkarların da şeirlərini əzbər bilirdi.
ATGTİ-nin nümayəndəsi Ramin Həbibbəyli Ulu Öndərin gənclər siyasətindən, bu gün də həmin siyasətin uğurla davam etdirilməsindən, ölkədə gənclər üçün yaradılan geniş imkanlardan danışıb. O, tələbələri fəal və inamlı olmağa, səylə çalışmağa, gənclər təşkilatları ilə yaxından əməkdaşlığa dəvət edib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisi, dövlət quruculuğu, müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsi sahəsində gördüyü işlərdən, Ulu Öndərin ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına göstərdiyi diqqət və qayğıdan, həmçinin gənclər siyasətindən söz açılıb. Qeyd edilib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyev müstəqil və qüdrətli Azərbaycanın memarıdır.

ADMİU-nun Mətbuat Xidməti


Mədəniyyət və İncəsənət Universitetində tədbir: Heydər Əliyev və gənclər siyasəti

Oxşar xəbərlər