28 May - Respublika Günü münasibətilə gənclər məclisi keçirilib

28 May - Respublika Günü münasibətilə gənclər məclisi keçirilib Bakı Gənclər Mərkəzində 28 May - Respublika Günü münasibətilə gənclər məclisi keçirilib.
Azərbaycan Respublikası Gənclər Fondunun və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən layihə dövlətçilik dəyərlərimizin əhəmiyyətinin vurğulanması, onları yaşadacaq və daha da irəli aparacaq gəncliyin yetişdirilməsi prosesinə dəstək məqsədi daşıyıb. Gənclər Məclisində yer almaq üçün müraciət etmiş 100-dək gənc arasından seçilən 28 gənc üç gün ərzində mövzu ilə bağlı keçirilən mühazirə və İstiqlal Bəyannaməsinin müzakirəsinə hazırlığın təşkilində iştirak ediblər.
Layihənin mayın 24-də keçirilmiş açılış mərasimində Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova və “Çapar” dərgisinin təsisçisi Yusif Nəsibov çıxış edərək layihənin əhəmiyyətinə toxunub və iştirakçılara uğurlar arzulayıblar.
Sonra tədqiqatçı-alim Firdovsiyə Əhmədova iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verib. Beləliklə, iştirakçılarda Birinci Dünya müharibəsinin sonunda yaranmış geosiyasi vəziyyət, Cənubi Qafqazda baş vermiş proseslər, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və İstiqlal Bəyannaməsinin əhəmiyyəti haqqında əsaslı düşüncələr formalaşıb.
Layihənin mayın 25-də keçirilmiş ikinci günündə iştirakçılar İstiqlal Bəyannaməsinin müzakirəsinə hazırlanıb. Komanda işi formatında təşkil olunan müzakirəyə hazırlıq günündə əvvəlcə mentorlarla tanışlıq olub, sonra geniş müzakirə aparılıb. Nəticədə komandalar birgə keçiriləcək müzakirəyə hazır olublar. Müzakirə zamanı onları təmsil edəcək sözçülər seçilib.
Mayın 27-də keçirilən bağlanış günündə isə gənclər əldə etdikləri biliklər əsasında İstiqlal Bəyannaməsinin geniş müzakirəsini keçiriblər. Müzakirə çərçivəsində Bəyannamənin maddələri və onları formalaşdıran səbəblər haqqında ətraflı danışılıb, dövrün şərtləri nəzərə alınaraq maddələrə müasir baxış və şərhlər verilib. Komandaların ortaq rəylərini müzakirəyə çıxaran sözçülər sonda ortaq fikir sərgiləyərək 101 il əvvəl həyata keçirilən və istiqlaliyyətimizin əldə edilməsi ilə nəticələnən prosesə yeni ruh qazandırıblar.
İstiqlaliyyətin qazanılması ilə bağlı üç gün ərzində ətraflı fikir mübadiləsi aparan gənclərin əldə etdikləri biliklərin daha da möhkəmləndirilməsi məqsədilə Bakı Media Mərkəzi tərəfindən çəkilən “Son iclas” filmi nümayiş olunub. Sonra iştirakçılar birgə müzakirənin nəticələri əsasında İstiqlal Bəyannaməsinin rəmzi mətnini imzalayıblar.
Bağlanış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra üç gün ərzində görülən işlərə nəzər salınıb və tədbirdə iştirak edən qonaqlara ətraflı məlumat verilib.
Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova və “Çapar” dərgisinin təsisçisi Yusif Nəsibov çıxış edərək layihə ilə bağlı təəssüratlarını bölüşüblər.
Sonda üç gün ərzində layihədə iştirak edən gənclər və komandaların mentorları “Çapar Yayınları”nın nəşrləri və sertifikatlarla mükafatlandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər