Mütaliə həyatı dəyişir

Mütaliə həyatı dəyişir Çox oxuyan “Ədəbiyyat biliciləri”
Özünü Cim Hokinsə bənzədənlər, bir andaca oxuduğu kitabın qəhrəmanına çevrilənlər, romandakı obrazın həyatı ilə öz həyatını müqayisə edənlər... Onların hamısı Azərbaycan məktəbliləridir. Macəraya həvəs göstərib, detektiv kitablar oxuyub, oxuduqları ilə həyat arasında bağlantı qurub, danışanda da Kafkadan, Tusidən sitat gətirirlər. Gözlərində maraqla bərabər, yəqin ki, çox oxumaqdan qaynaqlanan dahiyanə baxışlarla qarşısındakını təəccübləndirməyə çalışırlar. Ağılli görünməyə, daha çox bildiyini göstərməyə çalışır, “Çox oxuduğumu hamı bilsin” deməkdən də çəkinmirlər. Fərqi yoxdur hansı məktəbdə oxuyurlar. Aralarında rayondan tutmuş Bakı məktəblisinə, ucqar kənd məktəbindən tutmuş lisey və gimnaziya şagirdinə qədər var. Burda onların bir-birindən fərqi yoxdur. Hamısı ədəbiyyat biliciləridir...
“Cim Hokins kimi olmağı arzulayıram”
“Ədəbiyyat biliciləri” ilə bir sırada mübarizə aparmaq imkanım olduğu üçün sevinirəm. Oxumağı, mütaliə etməyi xoşlayan uşaqlar üçün gözəl imkanlar yaradılır. Məhz bu yarış bizim dünya, Azərbaycan ədəbiyyatı ilə yaxından tanışlığımıza səbəb oldu. Həm Azərbaycan, həm də dünya ədəbiyyatı ilə maraqlanan şagird olaraq bu yarışdan çox şey qazandım. Jül Verni, onun “20000 lyö su altı ilə”, şotlandiyalı yazıçı Robert Louis Stevensonun “Dəfinələr adası” romanlarını çox sevirəm. Hətta Robert Louis Stevensonun baş qəhrəmanı Cim Hokins kimi olmağı arzulayıram”. Bu sözləri “Ədəbiyyat biliciləri” müsabiqəsinin iştirakçısı Fatimə Həmidzadə deyir. Astara şəhər 1 nömrəli orta məktəbin şagirdidir. Deyir ki, Azərbaycanda ədəbiyyatsevərlər üçün belə bir imkanın yaradılması onu çox sevindirir.
Öz yerini düzgün müəyyənləşdirmək üçün
Məhəmmədəli Abbaszadə isə 132-134 nömrəli təhsil kompleksində təhsil alır. XI sinif şagirdi “Vahid poeziya məclisi”ndə olub, Müasir Azərbaycan yazıçılarının bir sıra ciddi əsərlərinin müzakirəsində iştirak edib. Hesab edir ki, əlinə kitab alan adam sadəcə şair, ya da yazıçı olmaq üçün oxumur: “Müasir Azərbaycan yazıçılarının mühitində olub onların düşüncələri ilə maraqlanmışam. Hesab edirəm ki, çoxlu ədəbiyyat oxuyanlar qarşısına şair, ya da yazıçı olmağı məqsəd qoymurlar.
İnsan həyatda doğru yolu tapmaq, öz yerini düzgün müəyyənləşdirmək üçün də kitab oxumalıdır.
Çoxlu kitab oxuyanlar bir sahədə ilişib qalmır, monoton həyat yaşamırlar”.
Kitab oxumasan, olmaz!
Mingəçevir şəhər texniki humanitar liseyinin şagirdi Cavid Mirzəzadə də hesab edir ki, müasir həyatı mütaliəsiz təsəvvür etmək qeyri-mümkündür. O, dünya ədəbiyyatının nəhənglərindən biri olan Franz Kafkadan sitat gətirərək deyir ki, “Ədəbiyyatla bağlı olmayan hər şey məni iyrəndirir”.
Xaçmazdan gələn Mələkxanım Qurbanova I ixtisas qrupu üzrə hazırlaşsa da, ədəbiyyatı həyatının ayrılmaz parçası hesab edir. Gəncədəki Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbin şagirdi İnarə Binyatzadə isə ədəbiyyatı həyatın özü hesab edir. Hətta riyaziyyatçı da ədəbiyyat oxumalıdır deyir. Yoxsa əyri ilə düzü, doğruyla yanlışı ayırd edə, insanlarla ünsiyyət qura bilməz.
“Bu müsabiqə həyatımı dəyişdi”
Rəna Şabanzadə isə Bakı məktəblisidir. 200 nömrəli məktəb-lisey kompleksində təhsil alır. IX sinif şagirdidir. Müsabiqə barədə eşidəndə nədənsə qarışıq hisslərə qapılıb. İştirak edib-etməmək barədə tərəddüdlərinə iştirak etmək istəyi güc gəlib: “Bu müsabiqə həyatımı dəyişdi, ədəbiyyata olan marağım daha da artdı. Kitab oxumağın bilmədiyim, indiyədək fərqinə varmadığım üstün tərəflərini kəşf etdim. Düşünürəm ki, bu müsabiqənin ədəbiyyatın üstünlüyünü, Azərbaycan və dünya ədəbiyyatını bilməklə insanın həyatda nələrə qadir olduğunu anlamağımızda çox böyük rolu var. Hətta düşünürəm ki, indiyədək olan elmi kəşflər məhz çox ədəbiyyat oxumağın nəticəsidir. Orqan transplantasiyası, hazırda Yaponiya və Çində üzərində iş gedən görünməz adam ideyası olsun, bunların hər biri ədəbiyyatın məhsuludur. Hamıya məsləhət görürəm ki, kitab oxusun. Çünki ədəbiyyat insan ruhunun təcəssümüdür”.
Təhsil Nazirliyi “Ədəbiyyat biliciləri”ni mükafatlandırdı
Başa çatmaqda olan bu həftədə kitabla “nəfəs alan” ölkə məktəblilərinin kiçik bir hissəsi, cəmi 52 nəfəri Təhsil Nazirliyində idi. Nazirliyin yenicə təmirdən çıxan akt zalı kitaba dəyər verən şagirdlərinin üzünə açılmışdı o gün.
Beləliklə, Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrası məqsədi ilə 3 mərhələdə təşkil olunan “Ədəbiyyat biliciləri” müsabiqəsi yekunlaşdı. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edirdi. Onların arasından fərqlənən 5500 şagird rayon (şəhər) mərhələsində mübarizə apardı və fevral ayında yekunlaşan həmin mərhələnin nəticələrinə əsasən 125 şagird ölkə mərhələsinə qatıldı. Təhsil Nazirliyi həmin 125 nəfərin içindən də ən yaxşı 52 nəfəri seçib mükafatlandırdı.
Qeyd edək ki, bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib.
Müsabiqənin nəticələrinə görə, 6 nəfər birinci, 10 nəfər ikinci, 16 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnaməyə layiq görülüb. Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyə və kitablar təqdim olunub.
Onlar məktəblilərin oxumaq həvəsini qiymətləndirdilər
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirdi ki, şagirdlərin kitaba, bədii ədəbiyyata üz tutması, mütaliəyə istiqamətləndirilməsi Təhsil Nazirliyi tərəfindən prioritet məsələ kimi qəbul edilir. Ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi artıq dördüncü ildir keçirilir. Müsabiqə şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri qiymətləndirmək baxımından mühüm rola malikdir: “Mütaliə şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, Təhsil Nazirliyi mütaliəyə ciddi diqqət ayırır”.
Nazir müavini ümumtəhsil məktəblərində şagirdlərin mütaliə vərdişləri və mədəniyyətinin formalaşdırılması istiqamətində tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi.
“Ədəbiyyat biliciləri” müsabiqəsi üzrə münsiflər heyətinin sədr müavini, yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid keçirilən müsabiqələrin məktəblilərin kitaba, mütaliəyə həvəsini artıracağını düşünür. O, bu istiqamətdə daha yüksək nəticələrə nail olmaq üçün məktəblərdə şair və yazıçılarla görüşlər təşkil etməyin üstünlüklərini vurğuladı. R.Məcid şagirdlərə onu da çatdırdı ki, şeir oxuyan adama qalib gəlmək çətin olur. Şeir əzbərləyib, kitab oxumaq Azərbaycan dilində səlist danışmaq bacarığını, natiqlik qabiliyyətini inkişaf etdirir. Odur ki, “Ədəbiyyat biliciləri”nin qalibləri bu baxımdan böyük üstünlüyə malikdirlər.
“Ədəbiyyat biliciləri” müsabiqəsinin münsiflər heyətinin sədri professor Zahid Xəlil hesab edir ki, kitab oxuyanların öz yanaşması, öz baxışı olur. Bu fikrini “Ədəbiyyat biliciləri”nin yazılarını incələyərkən bir daha təsdiq etdiyini düşünən şairin qənaətinə görə, müsabiqə qalibi olan məktəblilər münsiflər heyətini məhz bu məqamla sevindiriblər. Münsiflər heyətinin üzvləri yazılarda hər bir fərqliliyə görə sevinib, hər yeni yanaşmanı dəyərləndiriblər.
Onlar qazandı, bəs, siz?
“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri oxudu, qazandı. Qazandıqları isə sadəcə mükafat deyil. Nə qazandıqlarını görmək üçün sadəcə qaliblərin əlinə, ya da barələrində yazılan yazılara deyil, ətrafınızdakı kitablara baxmalı, səhifələri vərəqləməlisiniz. Çünki yanınızdakı kitablar “Sən hələ məni oxumamısan. Məni oxumadan quşların dilini bilməzsən”, - deyir.
Odur ki, əziz məktəblilər, qarşınızdakı yay tətilini dəyərləndirin, növbəti “Ədəbiyyat biliciləri”ndən biri də siz olun!

Ruhiyyə DAŞSALAHLI


Oxşar xəbərlər