Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.
Mediaturda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mediatur zamanı imtahanın gedişi yaxından izlənilib, bu proseslə bağlı fikir mübadiləsi aparılıb.
Bildirilib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 min 204 namizəd iştirak hüququ qazanıb. İmtahanların dördüncü günündə ingilis dili müəllimi olmaq istəyən namizədlər imtahan verirlər.
İyulun 8-dən etibarən başlanan müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək.
Müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər