X-XI siniflərdə peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır

X-XI siniflərdə peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır Növbəti tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır. Bunu Təhsil naziri Ceyhun Bayramov Təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki, ilkin olaraq müxtəlif bölgələr əhatə edilməklə, 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq.
C.Bayramov tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin cari tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini nəzərə çatdırıb.
İstedadlı uşaqlarla iş sahəsində görülmüş işləri vurğulayan nazir bildirib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla, ümumilikdə 146 medal qazanıblar. Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatlara toxunan C.Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək.
Qarşıda duran vəzifə və hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdıran nazir bildirib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagirdi əhatə edilməklə məktəblərdə STEM-in (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər