Bakı Dövlət Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb

Bakı Dövlət Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin birinci kurs tələbələri ilə görüşü olub.
Rektor əvvəlcə Jurnalistika, Biologiya, Tarix və Filologiya fakültələrinin tələbələri ilə ayrı-ayrılıqda görüşüb.
E. Babayev tələbələrə respublikamız və əksər dünya dövlətləri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlamış universitetin tarixi, inkişaf mərhələləri, tədris və elmi fəaliyyəti, sosial həyatı ilə bağlı məlumat verib, görülən işlər, yaradılan imkanlar barədə danışıb. O, universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək bəzi auditoriya və konfrans zallarının, laboratoriya və dəhlizlərin, o cümlədən yataqxana binasının yenidən qurulduğunu, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeməkxana kompleksinin müasir standartlara cavab verən vəziyyətə gətirildiyini və keyfiyyətli qida ilə təmin edildiyini diqqətə çatdırıb.
Davamlı olaraq tələbələrlə görüşəcəyini vəd edən rektor bildirib ki, tələbələrin istək və arzuları, təklif və problemləri olacağı təqdirdə əsas tədris binasında qoyulmuş xüsusi qutu və universitetin rəsmi bsu.edu.az saytının “Tələbədən rektora” bölməsi vasitəsilə yazılı müraciət edə bilərlər.
Bakı Dövlət Universitetinin 100 yaşının tamam olduğu ildə onun tələbələri sırasına qoşulmağın şərəfindən danışan rektor nümunəvi tələbə, yaxşı vətəndaş olaraq ölkənin, universitetin, ailənin və dostların etimadını doğrultmaq, milli-mənəvi dəyərlərə ehtiramla yanaşmaq, universitet təəssübkeşi olmaq, onun şərəfini və heysiyyatını qorumaq istiqamətində bəzi tövsiyə və məsləhətlərini verib.

BDU-nun Mətbuat Xidməti


Bakı Dövlət Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb


Oxşar xəbərlər