
Bunu Tehsil-press.az-a açıqlamasında “Azərkosmos” ASC-nin Tədqiqat və inkişaf mərkəzinin direktoru, “NASA Space Apps Azerbaijan” layihəsinin rəhbəri Tərlan Məmmədzadə deyib.
O bildirib ki, hackathon yarışında komandalara verilən tapşırıqlar üzərində işləmək üçün əlverişli şərait və komfortlu zona yaradılıb. Oktyabrın 20-də keçiriləcək finalda komandalar hazırladıqları nəticələri yerli və beynəlxalq üzvlərdən ibarət jüri qarşısında nümayiş etdirəcəklər.
“Hackathonun Azərbaycanda keçirilməsinin məqsədi Yeri və kosmosu anlamaq təcrübəsini qazanmaq, planetdə baş verən iqlim dəyişikləri və onların canlı aləmə təsirini araşdırmaqdır. Eyni zamanda, kosmik sahənin tədqiqində Azərbaycan gənclərinin potensialını üzə çıxarmaqdır. Yarış həmfikir komanda yoldaşını tapmaq və “hacking” bacarıqlarını nümayiş etdirmək üçün yaxşı bir fürsətdir. İştirakçılar əhatələrini genişləndirmək, mentorlardan və mütəxəssislərdən, eləcə də bir-birindən öyrənmək şansı əldə edəcəklər”, - deyə Tərlan Məmmədzadə əlavə edib.
Tehsil-press.az