
“İnterstellar” komandasının hazırladığı peykin mexanika bölməsində Hüseyn Nəcəfov və Şəbnəm Şəfiyeva, elektronika bölməsində Pərvin Quliyeva və İsmət Ağayev, proqramlaşdırma bölməsində isə Səadət Kərimova və Tərlan Əhədli işləyiblər.
“Bu cür layihə bizim üçün tamamilə yeni bir sahədir. Bu səbəbdən biz çox həyəcanlı idik. Lakin bilikli, güclü komanda üzvlərimiz və motivasiyamız bizim layihədə ikinci yeri əldə etməyimizə səbəb oldu”, – deyə “İnterstellar” komandasının kapitanı Pərvin Quliyeva bildirib.
Qeyd edək ki, final mərhələsinə 7 universitetdən 10 komanda qatılıb. Tələbələr hazırladıqları 500 qramlıq peyk modelini daşıyıcı vasitəsilə 400 metrdən havaya buraxıblar. Buraxılan modellər tələbələrin hazırladıqları xüsusi proqram təminatı vasitəsilə yerüstü stansiyaya siqnal – telemetriya göndərərək uçuş müddətində peyk modelindən şəkillərin çəkilməsini həyata keçirib. Daha sonra komandalar əldə etdikləri nəticələri münsiflər heyəti qarşısında təqdim ediblər. Tələbələrin hazırladığı peyk modeli münsiflər heyəti üzvlərinin böyük marağına səbəb olub və onlar komandanın işinin yüksək qiymətləndiriblər.
BANM-nin Mətbuat Xidməti