İsrailli alim: Dostluğumuz və qardaşlığımız əsrlərin sınağından uğurla keçib

İsrailli alim: Dostluğumuz və qardaşlığımız əsrlərin sınağından uğurla keçib Bizim ölkələrimiz arasında xüsusi münasibətlər var. Yəhudilər 2600 il ərzində Azərbaycan xalqı ilə yan-yana sülh, harmoniya və dostluq şəraitində yaşayıblar. Dostluğumuz və qardaşlığımız əsrlərin sınağından uğurla keçib.
Professor Yakubovun sözlərinə görə, o, Azərbaycan xalqı ilə birlikdə Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd etməkdən çox məmnun olub. İsrailli alim vurğulayıb: “Bakı Dövlət Universiteti təkcə Azərbaycanda deyil, həm də bütün regionda ali təhsil sisteminin alma-materidir. Universitet ötən yüz ildə alimlərin, ədəbiyyat, mədəniyyət xadimlərinin, yaradıcı ziyalı kadrlarının hazırlanmasına böyük töhfə verməklə yanaşı, eyni zamanda, Azərbaycanın qüdrətli, müstəqil və müasir dövlətə çevrilməsində mühüm rol oynayıb”.
İsrailli alim daha sonra qeyd edib: “Mən Bakı Dövlət Universitetinin öz yubileyini necə yüksək səviyyədə qeyd etdiyini gördüm. Bu günlər bizim Holon Texnologiya Universitetində də əlamətdar bayramdır – biz özümüzün 50 illik yubileyimizi qeyd edirik. Bu, bizim üçün birinci, həm də əhəmiyyətli yubileydir. Bu yaxınlarda yubiley çərçivəsində Holon Texnologiya Universitetində beynəlxalq fəaliyyət həftəsini uğurla keçirdik. Bu tədbirdə Amerika, Avropa və Asiyanın 23 ölkəsindən 100-dən çox rektor və alim iştirak edirdi. Beynəlxalq fəaliyyət bayramının ən yaddaqalan hadisəsi Leonardo da Vinçinin irsinin 500 illiyinə həsr edilən konfrans oldu. Onun həyatın bir çox sahələrində şübhə doğurmayan dahiliyi bu gün də özünün miqyası və zəka dərinliyi ilə hamını təəccübləndirir. Bu kontekstdə onun sistemli çoxtərəfli yanaşmasını misal çəkmək istəyirəm. Bu nəzəriyyə indi də - təlatümlü, sayca dördüncü texnoloji inqilab nəticəsində ali təhsilin qarşısında mürəkkəb çağırışların dayandığı günümüzdə çox əhəmiyyətlidir”.
Yakubovun sözlərinə görə, Holon Texnologiya Universitetində olmuş BDU-nun rektoru Elçin Babayevlə ətrafımızda dünyanın necə sürətlə dəyişdiyi, bununla birlikdə insanların da bu proseslərə uyğun olaraq dəyişməsi mövzusunda söhbət aparıb. “Mən böyük qürur və sevinc hissi ilə öz həmkarıma robotlar və süni intellekt, alqoritmlər, nano-texnologiyalar və tribologiya, plazma fizikası və rəqəmsal təbabət üzrə bizim müasir mərkəzlərimizi və laboratoriyalarımızı göstərdim. Biz müxtəlif sahələr, o cümlədən birgə tədris proqramları və kursları, müəllim və tələbə mübadiləsi, birgə elmi konfransların keçirilməsi və layihələrin elmi qrantlara təqdim edilməsi üzrə sıx əməkdaşlıq etmək barədə razılığa gəldik”, -deyə Holon Texnologiya Universitetinin rektoru vurğulayıb.
Professor Yakubov dərindən əmindir ki, gələcək əməkdaşlıq və tərəfdaşlıq ölkələrimizin aparıcı ali təhsil müəssisələri olan BDU və HTU üçün olduqca əhəmiyyətlidir və bizim dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcək.
“Azərbaycandan gəlmiş yəhudilərin və səmərəli fəaliyyət göstərən “İsraildə Azərbaycan Evi”nin uğurlu işi İsraildə Azərbaycanın müsbət obrazını yaradır. Bu istedadlı, ağıllı, savadlı insanlar qısa müddət ərzində israillilərdə Azərbaycanın müsbət imicini yaratmağa və bu gözəl xalqı tanıtmağa nail olublar. Məhz onlar bizlərə tolerant və multikultural Azərbaycan xalqından bəhs ediblər, yəhudi xalqının bu ölkədə heç bir zaman təqibə, təhqirə, ayrı-seçkiliyə, talana və antisemit hərəkətlərə məruz qalmadığını çatdırıblar.
Bu gün Azərbaycan mənşəli israillilər artıq uzun illərdir ki, Azərbaycan və İsrail arasında möhkəm və səmərəli iqtisadi, hətta geosiyasi tərəfdaşlığın formalaşmasına kömək ediblər. Mən onların arasında beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Azərbaycanın İsraildə və İsrailin Azərbaycanda həqiqi lobbiçisi Arye Qutu xüsusilə qeyd etmək istərdim. Bu insan mütəmadi olaraq televiziya, radio kanallarında çıxış edir, müsahibələr verir və İsrailin nüfuzlu qəzetlərində məqalələr dərc etdirir, bütün gücünü İsrail-Azərbaycan dostluğunun möhkəmlənməsinə sərf edir.
Bizim ali məktəblərimiz ölkələrimizin gələcəyi üçün ixtisaslı kadrlar hazırlayırlar. ABŞ-ın 16-cı Prezidenti Avraam Linkoln deyirdi: “Gələcəyi öncədən söyləmək üçün onu özün yaratmalısan”. Gəlin birlikdə, əl-ələ verərək bizim, gözəl gəncliyimizin xoşbəxt gələcəyi naminə çalışaq. Biz xoşbəxt gələcək üçün hər şeyi etməliyik və edə bilərik. Mən qardaş Azərbaycan xalqına sülh, tərəqqi və müstəqil Azərbaycan Respublikasının gələcəyi naminə uğurlar arzulayıram”, -deyə tanınmış israilli alim sözlərinə yekun vurub.

Tehsil-press.az

Oxşar xəbərlər