Azərbaycan Milli Elmlər Akademiyası İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Azərbaycan Milli Elmlər Akademiyası İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının üzvü, Təl-Əviv Universitetinin professoru Zvi Ben-Avraham ilə görüşüb.
Görüşdə tərəflər arasında elmi əlaqələrin genişləndirilməsi, əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, mövcud münasibətlərin inkişaf mexanizmləri və imkanları müzakirə olunub.
Akademik A.Əlizadə AMEA-nın müəssisə və təşkilatları ilə İsrailin müvafiq elmi mərkəzləri arasında bilik, təcrübə mübadiləsinin aparılması, elmi tədqiqat sahəsində birgə layihə və inkişaf proqramlarının həyata keçirilməsi, seminar və konfransların təşkilinin əhəmiyyətini qeyd edib.
Professor Z.Ben-Avraham AMEA ilə əməkdaşlığa önəm verdiyini söyləyib. Tektonika, geodinamika və kolliziya prosesləri üzrə tanınmış ekspert Z.Ben-Avraham israilli alimlərin azərbaycanlı həmkarları ilə Yer elmləri, o cümlədən neft və qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib. Bu məqsədlə müştərək tədqiqatlar həyata keçirməyin zəruriliyini vurğulayan alim əməkdaşlığın hər iki ölkənin elmi üçün böyük əhəmiyyət daşıdığını söyləyib.

Kəmalə Rəhimli


Oxşar xəbərlər