İkinci beynəlxalq elmi-ifaçılıq konfrans-müsabiqəsinin qalibləri mükafatlandırılıb

İkinci beynəlxalq elmi-ifaçılıq konfrans-müsabiqəsinin qalibləri mükafatlandırılıb Dekabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş II beynəlxalq elmi-ifaçılıq konfrans-müsabiqəsinin qaliblərinin təltifolunma mərasimi və qaliblərin iştirakı ilə qala-konsert keçirilib. Konfrans-müsabiqə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri Səbinə Mehdiyeva konfrans-müsabiqəyə ADMİU-nun tələbələri və müəllimləri ilə yanaşı, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri də qatılıblar. Konfrans-müsabiqədə ümumilikdə 100 nəfər iştirak edib. İştirakçılar arasında Rusiya və İran vətəndaşları da var.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qeyd edib ki, 2019-cu il rəhbərlik etdiyi universitet üçün çox uğurlu olub. “Nəsimi ili” ilə bağlı universitetdə silsilə tədbirlər keçirilib, digər universitetlərlə birgə layihələr həyata keçirilib. O bildirib ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş II beynəlxalq elmi-ifaçılıq konfrans-müsabiqəsi də uğurla yekunlaşıb.
Konfrans-müsabiqədə “Musiqişünaslıq”, “Musiqi müəllimliyi və ümumi fortepiano” və “Solo, duet və ansambl” nominasiyaları üzrə Alireza Jamfarsadi, Xanım Əskərova, Səkinə Məhərrəmova I yerə, Rəhilə Nəzərova, Günel Quliyeva, Ləman Əliyeva, Ülkər Məmmədova, Fidan Yunus, Gülarə İsmayılova II yerə, Hüseyn İbrahimov, İlqar Paşayev, Zaur Məmmədov, Nurlan Abdullazadə, Məmməd Məmmədov, Fidan Məmmədzadə isə III yerə layiq görülüblər.
Qaliblərə sertifikat və pul mükafatları təqdim olunub.
Sonda qaliblərin iştirakı ilə qala-konsert olub.

ADMİU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər