BDU-da imtahanların şəffaf keçirilməsi üçün geniş imkanlar yaradılıb

BDU-da imtahanların şəffaf keçirilməsi üçün geniş imkanlar yaradılıb Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestri davam edir.
Rektor Elçin Babayevin imzaladığı əmrə əsasən, imtahan sessiyasının keçirilməsi üzrə qərargah yaradılıb. Qərargah payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi daha yüksək səviyyədə təmin etmək, mənfi halları operativ surətdə aradan qaldırmaq məqsədilə təşkil olunub. 19 nəfər üzvü olan qərargaha universitetin botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Elşad Qurbanov sədrlik edir.
Tələbələr imtahanlarla bağlı yarana biləcək istənilən məsələ ilə əlaqədar müvafiq olaraq qərargaha müraciət edə bilirlər. Onların göndərdiyi bütün müraciətlərə operativ qaydada baxılır.
“Qaynar xətt” xidməti isə qərargaha daxil olan şikayətlərin, təklif və məlumatların hərtərəfli, obyektiv və operativ araşdırılması üçün yaradılıb. Bu məqsədlə qərargahda xüsusi telefon xətti fəaliyyət göstərir. Elektron poçt vasitəsilə daxil olan məlumatların təhlili əsasında müvafiq tədbirlər həyata keçirilir. Universitetin əsas binasında və digər tədris korpuslarında şikayət və təkliflər üçün mövcud qaydada möhürlənmiş qutular yerləşdirilib. Qərargaha və “Qaynar xətt”ə daxil olan hər bir şikayət ərizəsinin operativ surətdə araşdırılması təmin edilir, mənfi hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi haqqında təkliflər hazırlayır və rektorluğa təqdim edir. Qərargah, eyni zamanda, Təhsil Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” xidmətindən daxil olan hər bir şikayətin operativ surətdə araşdırılmasını və nəticəsi barədə Təhsil Nazirliyinə məlumatların verilməsini təmin edir. Həmçinin apellyasiya şikayətlərinin araşdırılması zamanı aşkar edilmiş ziddiyyətlərin aradan qaldırılması ilə bağlı təkliflər hazırlayır, lazım olduqda isə ekspert və mütəxəssislər cəlb edir.
Qərargahın sədri E.Qurbanov deyir ki, intensiv şikayətlər yoxdur. Bu günə qədər ciddi nöqsanlar olmayıb. İndiyədək təbiət fakültələri üzrə 70-ə qədər müraciət daxil olub. Humanitar fakültələrdə isə müraciətlərin sayı 60-dək olar. Təxminən 130-a qədər yazı işlərinin surətini çıxardıb təkrar yoxlamaya vermişik.
Ümumiyyətlə BDU-da imtahanların şəffaf keçirilməsi, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi üçün geniş imkanlar yaradılıb.
İmtahanlar yanvarın 31-də başa çatacaq.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər