Aİİ-də imtahan sessiyası başlayıb

Aİİ-də imtahan sessiyası başlayıb Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) payız semestrinin qış imtahan sessiyasına start verilib. Aİİ rektoru Ceyhun Məmmədov auditoriyalarda imtahan gedişatını izləyib.
Yanvarın 31-dək davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq yazılı, zəruri hallarda isə şifahi formada keçirilir. Sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi prioritet seçilib. İmtahanlar keçirilərkən təhlükəsizlik tədbirlərinin görülməsi, cavabların müəyyənləşdirilmiş meyarlar əsasında qiymətləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Qeyd edək ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə Operativ Qərargah yaradılıb. Qərargaha daxil olan müraciətlərin, hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb, lazımi tədbir görülməsi nəzərdə tutulub.
İnstitutun foyesində müraciət və təkliflər qutuları yerləşdirilib. Tələbələrə yarana biləcək problemlərin aradan qaldırılması üçün yaxından köməklik göstərilməsi məqsədilə şərait yaradılıb.
Sessiya dövründə Aİİ-də imtahanlar ictimaiyyətə açıq keçiriləcək. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub.
Ali təhsil müəssisəsinin kitabxanasında tələbələrin imtahanlara hazırlığı üçün lazımi şərait yaradılıb. Onlar fasiləsiz internetlə təchiz olunmuş kompüterlərdən istifadə edə bilərlər.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər