DSX Xüsusi Məktəbinin V sinfinə ərizə qəbulu başa çatıb

DSX Xüsusi Məktəbinin V sinfinə ərizə qəbulu başa çatıb Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında iştirak üçün şagirdlərin ərizə qəbulu bu gün başa çatıb.
İmtahanda iştirak etmək üçün 1354 nəfər ərizəsini təsdiqlədib. İmtahana yalnız “Şagirdin elektron ərizəsi”ni təsdiq etmiş şagirdlər buraxılacaqlar.
Xatırladaq ki, qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçiriləcək. Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılacaq. Hər fənn üzrə 30 qapalı tipli sual təqdim ediləcək. İmtahanın müddəti 90 dəqiqədir. İmtahana gələrkən şagirdlər şəxsiyyət vəsiqələrini və imtahana buraxılış vərəqələrini gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə şəkilli arayış (şəkil möhürlə təsdiqlənməlidir) təqdim etməlidirlər. Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
İmtahanın keçirilmə tarixi və yeri haqqında məlumat qeydiyyat başa çatdıqdan sonra Dövlət İmtahan Mərkəzinin saytında elan olunacaq. İmtahanların nəticəsi DSX-yə təqdim ediləcək. Yüksək nəticə göstərmiş şagirdlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb ediləcəklər. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan şagirdlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər