
Tehsil-press.az bu məqamda özündə virusun əlamətlərini hiss edən şəxslərin hara müraciət etməli olduqlarını araşdırıb.
Aydındır ki, bu xəstəliyin ilkin simptomları qrip virusuna oxşayır.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, kimsə özünü narahat hiss edirsə, ilk olaraq Təcili Tibbi Yardıma müraciət etməlidir: “Bundan əlavə, TƏBİB-ə, İcbari Tibbi Sığorta Agentliyinə, o cümlədən, Nazirlər Kabineti yanında yaradılmış Qərargaha da müraciət etmək olar. Həkimlər həmin vətəndaşdan şübhələnərsə, ondan yaxma götürüləcək. Həmin yaxma da Respublika Taun Əleyhinə Dispanserdə yoxlanılır və nəticələri vətəndaşa bildirilir”.
Qeyd edək ki, respublikada fəaliyyət göstərən özəl xəstəxanalarda koronavirusu yoxlayacaq aparatlar yoxdur.
Xatırladaq ki, koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.
Bundan başqa, Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub.
Koronavirusun Azərbaycanda yayılmaması üçün bütün lazımi tədbirlər həyata keçirilir, sanitar-epodemoloji vəziyyət ciddi nəzarət altında saxlanılır.
Tehsil-press.az