İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir

İlahiyyat İnstitutunda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilir Bəşəriyyət artıq aylardır ki, yeni növ koronavirus pandemiyası ilə mübarizə aparır. Çindən başlayan bu infeksiya qısa zamanda dünya ölkələrini çənginə aldı. Həyatını itirən insanların sayı sürətlə çoxalmağa başladı və bütün dövlətləri ciddi addımlar atmağa vadar etdi. Sözügedən bəla, təəssüf ki, ölkəmizdən də yan keçmədi.
Bunu Tehsil-press.az-a müsahibəsində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru vəzifəsini müvəqqəti icra edən ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyib. O, koronavirus (COVID-19) pandemiyası fonunda məsafədən təhsilin əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan hökuməti COVID-19 ilə mübarizədə qabaqlayıcı addımlar atmağa başladı. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Ölkədə təhsil müəssisələrində təlim-tədris prosesinin, ardınca bütün kütləvi tədbirlərin dayandırılması, pandemiyanın geniş yayıldığı ölkələrlə sərhədlərin bağlanması ən qabaqlayıcı addımlardandır. Respublika ərazisində xüsusi karantin rejiminin tətbiqi, şəhər və rayonlararası nəqliyyatın, həmçinin Bakı Metropoliteninin fəaliyyətinin dayandırılması, ələlxüsus, insanların sosial təcrid şəraitinə keçməsi pandemiya ilə mübarizədə mühüm rol oynadı.
Xüsusilə vurğulamaq lazımdır ki, Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəfələrlə xalqa müraciətləri, insanları bu pandemiya ilə mübarizədə həmrəyliyə səsləməsi COVID-19-un geniş yayılmasının qarşısının alınmasında atılan ən vacib amillərdən idi.
Ölkə başçısının pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində gördüyü işlər ard-arda imzaladığı sərəncamlarla dəstəkləndi. Xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə işsiz qalmış insanların maddi rifahının yaxşılaşdırılması ilə bağlı birdəfəlik müavinətlərin verilməsi, o cümlədən ölkəmizin iqtisadi cəhətdən sıxıntı yaşamaması üçün sahibkarlara yardım, kənd təsərrüfatına ayrılan vəsaitlər və başqa bu kimi həyata keçirilən tədbirlər pandemiya ilə mübarizə şəraitində ölkəmizdə qabaqlayıcı işlərdən sayılır. Prezidentin Sərəncamı ilə Koronavirusa Dəstək Fondu yaradıldı. Qeyd edim ki, Azərbaycan İlahiyyat İnstitutunun bir çox əməkdaşı da fərdi qaydada bu Fonda ianələr edib.
Xatırladım ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 3-dən etibarən bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırılıb. Yaranmış fasilə zamanı tələbələrin tədrisdən yayınmaması məqsədilə Azərbaycan İlahiyyat İnstitutu qısa zamanda videodərslərə başladı. İlkin mərhələdə institutun müəllimləri tərəfindən keçirilmiş videodərslər ali məktəbin rəsmi “facebook” səhifəsində, “YouTube” kanalında yerləşdirildi. Ali tədris müəssisəsində təhsil prosesinin davamlılığını təmin etmək və distant təhsilə daha peşəkar şəkildə davam etmək məqsədilə Təhsil Nazirliyinin tövsiyəsi və dəstəyilə “Microsoft Teams” platformasının tətbiqi istiqamətində müvafiq şöbələrin və rəhbərliyin iştirakı ilə onlayn iclaslar keçirilib və tədris prosesinin təşkili istiqamətində qərarlar qəbul edilib. Qısa zaman ərzində “Microsoft Teams” platforması vasitəsilə məsafədən dərslərə start verilib. Tədris sillabuslara uyğun şəkildə həyata keçirilir. Bu platformada, həmçinin dərs və digər irihəcmli materialların yerləşdirilməsi, ötürülməsi təmin edilir. Təhsil Nazirliyinin “Microsoft Teams” platformasını universitetlərin istifadəsinə təqdim etməsi və bu platformadan istifadədə lazımi dəstəyin göstərilməsi təqdirəlayiq haldır.
Qeyd edək ki, onlayn təhsil üçün başqa platformalar da mövcuddur. Lakin “Microsoft Teams” platforması tədris üçün ən əlverişli hesab edilir. Bu platforma üzərindən təkcə onlayn dərs keçmək deyil, həmçinin tədris olunan materialların videoformatda saxlanılması, mühazirə mətnlərinin və digər fənn mövzularının paylaşılması, seminar və imtahanlar üçün sualların və testlərin hazırlanması imkanları da mövcuddur.
Aİİ müəllimlərinin keçdiyi dərslərin videoqeydiyyatı aparılır ki, bu da internet məhdudiyyəti olan tələbələrə daha sonra dərsləri dinləmək imkanı yaradır. Tələbələrlə mütəmadi əlaqə saxlanılır və məsafədən dərslərdə fəal olmaları tövsiyə edilir.
“Tədris prosesinin nöqsansız həyata keçirilməsi, dərslərin tədris olunmasına nəzarət, müəllim və tələbələrin bu platformadan mütəmadi istifadə etmələri, o cümlədən texniki problemlərlə əlaqəli olaraq rəhbərlik və aidiyyəti şöbələr xüsusi səylə və sosial təcridə əməl edərək məsafədən çalışırlar. Tədris olunan dərslərin keyfiyyətini yoxlamaq məqsədilə tələbələr arasında sorğu təşkil edilib, “Microsoft Teams” platforması vasitəsilə rəhbərlik və müvafiq şöbələrlə tələbələrin birlikdə iclası təşkil olunub. Təhsilalanların tədris prosesi ilə bağlı irad və təklifləri dinlənilib, onları maraqlandıran digər suallar cavablandırılıb. İclasda, həmçinin tələbələrə və əməkdaşlara sosial təcridə dair Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etmələrinin vacibliyi vurğulanıb. Aİİ kollektivi olaraq əlimizdən gələni edirik ki, tədris prosesindən geri qalmayaq və gələcəkdə hər hansı çətinliklə qarşılaşmayaq. Ümid edirik ki, bu bəladan həmrəy olaraq birlikdə xilas olacağıq. Biz birlikdə güclüyük!”, - deyə A.Şirinov qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər