BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə virtual elmi konfrans keçirilib

BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə virtual elmi konfrans keçirilib Bakı Dövlət Universitetində (BDU) tarix və beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzusunda respublika virtual elmi konfransı keçirilib.
Konfransda universitetin rektoru Elçin Babayev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərdiyini qeyd edib. O, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC-nin həyata keçirdiyi tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rektor Cümhuriyyətin xüsusilə təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyətindən söz açıb. Qeyd edib ki, onlardan biri məhz Bakı Dövlət Universitetinin təsis olunmasıdır. Cümhuriyyətin qurucuları Avropa nümunəsi əsasında ali təhsil ocağının əsasını qoymaqla yanaşı, oraya həmin dövrün tanınmış alim və mütəxəssislərini dəvət ediblər. Bakı Dövlət Universiteti yarandığı dövrdən böyük inkişaf yolu keçərək, bu gün nəinki Azərbaycanın, eləcə də regionun ən böyük ali təhsil ocağı və mühüm elm mərkəzidir.
E.Babayev əlavə edib ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qalaraq Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul edib. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikası müstəqillik yolunda dönmədən, inamla irəliləyir. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə öz siyasi nüfuzunu və iqtisadi qüdrətini daha da artırır, öz istiqlaliyyətini daha da möhkəmləndirərək dünyanın ən önəmli ölkələrindən birinə çevrilib.
Sonra Milli Məclisin deputatı, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov "Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yeri", Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti Afət Səfərova "Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi", Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Kəmalə Nəcəfova "Azərbaycan Xalq Cümhuriyyətinin elm və təhsil siyasəti tarixi varislik kontekstində", Politologiya və sosiologiya kafedrasının dosenti Nazim İbadov "Yeni siyasi sistemin struktur elementlərinin təşəkkül tapması və ictimai siyasi institutlaşma prosesinin əsaslarının yaradılması", Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti Rövşən Hətəmov "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının I Dünya müharibəsinin gedişinə təsiri", Beynəlxalq münasibətlər kafedrasının dosent əvəzi Qurban Məmmədov "Azərbaycan diplomatiyası - tarix və müasirlik" mövzularında ətraflı çıxış ediblər.
Məruzələrdə Xalq Cümhuriyyətinin qısa zaman ərzində gördüyü işlərdən - Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatının təşkil edilməsi, ölkənin sərhədlərinin müəyyənləşdirilməsi, bayrağı, himni və gerbinin yaradılması, ana dilinin dövlət dili elan edilməsi və dövlət quruculuğu sahəsində ciddi tədbirlərin həyata keçirilməsindən geniş bəhs olunub. AXC-nin ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələrin yaradılması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, Azərbaycanın ilk universitetinin təsis olunması, təhsilin milliləşdirilməsi kimi müstəsna əhəmiyyətli işlərin görüldüyündən söz açılıb. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirilib, mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Cümhuriyyətin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq kimi sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğu qeyd edilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş respublika elmi konfransını 100-dən çox iştirakçı dinləyib. Qarşılıqlı diskussiya şəraitində keçirilən elmi konfrans sualların cavablandırılması ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər