SDU-da “Azərbaycan Xalq Cümhuriyyəti: təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti” mövzusunda respublika elmi konfransı keçirildi

SDU-da “Azərbaycan Xalq Cümhuriyyəti: təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti” mövzusunda respublika elmi konfransı keçirildi Aprelin 26-da Sumqayıt Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti: təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti” mövzusunda respublika elmi konfransı keçirildi.
Konfransda ölkəmizdə fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin alimləri iştirak etdilər.
Konfransı universitetin rektoru professor Elxan Hüseynov açaraq bildirdi ki, Prezident cənab İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” imzaladığı sərəncam bir daha təsdiqlədi ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmasını yüksək qiymətləndirən rektor ölkə başçısının tarixi keçmişimizə, Cümhuriyyət tarixinə olan xüsusi ehtiramı olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu münasibətlə Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər, konfranslar təşkil olunur. AXC-nin tarixi əhəmiyyətindən bəhs edən rektor vurğuladı ki,
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinə şanlı hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmağı qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Qısa vaxt ərzində Azərbaycan Xalq Cümhuriyyəti bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. Həmin dövrdə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxaraq, milli dövlətçilik ənənələrinin formalaşdırılması işində böyük rol oynadı.
Rektor onu da bildirdi ki, təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmişdir. Azərbaycanın dövlətçilik tarixində bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimiyyəti dövründə qəlbində və şüurunda yaşatmışdır. Xüsusən ümummilli lider Heydər Əliyevin respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. 1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycan yeni intibahının bünövrəsi demək idi. Xalqımız Cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Ümummilli lider Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı. Ulu öndər Heydər Əliyev Azərbaycanda dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edildi. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən müasir inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirdi.
Konfransda SDU-nun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində”, AzTU-nun İctimai fənlər kafedrasının müdiri professor Şikar Qasımov “AXC-nin yaranması ilə xalqımız itirilmiş dövlətçiliyini bərpa etdi”, ADİU-nun Humanitar fənlər kafedrasının professoru Hidayət Cəfərov “Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinin ilk mərhələsində (1918-ci il may-noyabr ayları)” mövzularında məruzə ilə çıxış etdilər. Bildirdilər ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi xalqımızın imperiya əsarətindən qurtulmaq üçün apardığı milli azadlıq mücadiləsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan dövlətçilik ənənələrimizin bərpası idi. Cəmi 23 ay yaşamasına baxmayaraq bu respublika milli dövlətçilik sahəsində bir sıra zəruri tədbirlər həyata keçirməklə, Azərbaycanı beynəlxalq səviyyədə tanıtdırmağa nail oldu. Azərbaycan dilinə dövlət dili statusu verildi, mədəniyyət və təhsil sahəsində mühüm addımlar atıldı. Milli ordu, dövlət təhlükəsizliyi və ədliyyə orqanlarının yaradılması, dövlət rəmzlərinin qəbul edilməsi gənc respublikanın qısa müddətdə qazandığı çox böyük nailiyyətlər idi. 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız 1920-ci ilin aprelində itirdiyi istiqlalına yenidən qovuşdu. Uzun illər Sovet İmperiyasının əsarətində olmasına baxmayaraq 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti: təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti” mövzusunda respublika elmi konfransına respublikamızda fəaliyyət göstərən ali məktəblərdən 122 tezis qəbul olunaraq toplu şəklində çap olunmuşdur.

SDU-nun Mətbuat Xidməti


SDU-da “Azərbaycan Xalq Cümhuriyyəti: təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti” mövzusunda respublika elmi konfransı keçirildiSDU-da “Azərbaycan Xalq Cümhuriyyəti: təşəkkülü, fəaliyyəti, tarixi əhəmiyyəti” mövzusunda respublika elmi konfransı keçirildi

Oxşar xəbərlər