Genetik Ehtiyatlar İnstitutunda yerli qarğıdalı nümunələrində təmiz xətlərin alınması üzrə tədqiqatlar aparılır

Genetik Ehtiyatlar İnstitutunda yerli qarğıdalı nümunələrində təmiz xətlərin alınması üzrə tədqiqatlar aparılır AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun təcrübə ərazisində Biotexnologiya şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Leyla Vəliyeva tərəfindən 2014-cü ildən başlayaraq tünd rəngli dənlərə malik yerli qarğıdalı nümunələrində təmiz xətlərin alınması üzrə tədqiqat işi aparılır.
Qarğıdalı dənlərinə tünd rəngi antosiyanin piqmentləri verir ki, onlardan bəziləri yüksək antioksidant, iltihab əleyhinə, antikanserogen xüsusiyyətlərə malikdir. Bu səbəbdən də qarğıdalı dənlərinin tərkibindəki antosiyaninlər insan sağlamlığına, əsasən diabet, piylənmə, xərçəng, ürək-damar, neyrodegenerativ və digər xəstəliklərin profilaktikası və müalicəsində faydalı təsir göstərir. Antosiyaninlərin biosintezi qarğıdalının bir qrup struktur və tənzimləyici genlərinin aktivliyi ilə təmin olunur. Biotexnoloji metodlar sayəsində bu genlərin müəyyən kombinasiyasının uzlaşması qarğıdalı dənlərində faydalı antosiyaninlərin böyük miqdarını əldə etməyə imkan verir.
Bitkilərdə təmiz xətlər homogen irsiyyətə malik olduğu üçün müxtəlif seleksiya işlərinin və biotexnoloji tədqiqatların onlar üzərində aparılması daha məqsədəuyğundur. Bununla əlaqədar, L.Vəliyeva tərəfindən dənləri antosiyaninlərlə zəngin olan qarğıdalı bitkisinin təmiz xətlər kolleksiyası yaradılıb. Biotexnologiya şöbəsində alınmış kolleksiyanın genetik polimorfizm səviyyəsi öyrənilib və nümunələrdə yüksək irsi dəyişkənlik aşkarlanıb. Həmçinin Rusiyanın Belqorod Dövlət Universitetinin Mühəndis Texnologiyaları İnstitutu ilə əməkdaşlıq çərçivəsində yüksəkeffektli maye xromatoqrafiya metodu ilə hər nümunənin dənlərində antosiyaninlərin tərkibi və miqdarı təyin olunub.
Hazırda yaradılmış qarğıdalı kolleksiyasında 7-ci nəsil təmiz xətlərin alınması, həmçinin toxumların çoxaldılması məqsədilə onların öz-özünə tozlandırma işləri aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər