İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanına start verilib

İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanına start verilib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin islamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı başlayıb.
İmtahan sentyabrın 16-dək davam edəcək. Abituriyentlərin dünyagörüşü səviyyəsinin və islamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dini-Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və DİM-in əməkdaşları daxildir.
Müsahibə zamanı abituriyentlərin ümumi dünyagörüşü və dini bilikləri, islamşünaslıq ixtisasına uyğunluqları, gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarıqları, xitabət və natiqlik qabiliyyətləri qiymətləndiriləcək, psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanları yoxlanılacaq. Məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə biləcəklər.
DPK ölkədə koronavirus (COVID-19) pandemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq fəaliyyət göstərir. İştirakçılar müsahibəyə tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, müsahibə müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır. Girişdə abituriyentin temperaturu ölçüləcək, əgər yüksək olarsa müsahibəyə buraxılmayacaq.
Abituriyentlər imtahana qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilməli və imzalanmalı);
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə binaya daxil olarkən təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.
Komissiya Bakı şəhəri Əhməd Cəmil, 41/A ünvanında – Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçirilir.
Xatırladaq ki, qabiliyyət imtahanı üçün qeydiyyat avqustun 31-dən sentyabrın 2-dək DİM-in saytında aparılıb. Qeydiyyatdan keçən abituriyentlər DİM-in saytında müvafiq pəncərədən istifadə etməklə müsahibəyə lazım olan sənədləri çap edə bilərlər (https://eservices.dim.gov.az/erizebak/dpk/?frm=egov).

Tehsil-press.az

Oxşar xəbərlər