Fransa universitetlərinin 41 professoru UFAZ-da onlayn qaydada tədris aparacaq

Fransa universitetlərinin 41 professoru UFAZ-da onlayn qaydada tədris aparacaq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) yeni tədris ili həm bakalavr, həm də magistratura pillələri üzrə onlayn şəkildə başlayıb.
Onlayn dərslər xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planına əsasən oktyabrın 15-nə kimi davam etdiriləcək. Birinci kurslar üçün isə oktyabrın 5-dən etibarən dərslərə ənənəvi formada start veriləcək.
Onlayn dərslər Strasburq Universitetinin Moodle/BBB platformasında keçiriləcək. Yerli müəllimlərlə yanaşı, 2020/2021-ci ilin payız semestri üzrə Strasburq və Renn 1 universitetlərindən dəvət olunan 41 professor da UFAZ-da onlayn formada tədris aparacaq. Dəvət olunan müəllimlər tərəfindən keçirilən dərslər UFAZ tələbələrinin Strasburq və Renn 1 universitetlərinin akademik tələblərini yerinə yetirmələrini təmin edir.
Yeni tədris ilində UFAZ-ın Fransadan daimi əsasda təyin olunmuş müəllim heyəti də sərhədlərin bağlı olması səbəbindən tədrisi onlayn şəkildə davam etdirəcək. Hazırda UFAZ-da magistratura və bakalavr proqramları üzrə daimi əsasda çalışan ümumilikdə 7 fransalı müəllim fəaliyyət göstərir.
Xatırladaq ki, UFAZ yarandığı ilk gündən əcnəbi müəllimləri tədris prosesinə cəlb etdiyinə görə dərslərin bir qisminin distant formada aparılması artıq sınaqdan çıxarılmış bir təcrübə idi. Belə ki, fransalı müəllimlər dərslərin əsas hissəsini Bakıda keçsələr də, fiziki olaraq burada olmadıqları vaxtlarda Strasburq Universitetinin Moodle proqramı vasitəsilə tələbələrlə əlaqə yaradır, suallarını cavablandırırdılar. Cari ilin martın 16-dan etibarən koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə UFAZ tədris prosesini tamamilə onlayn rejimə keçirib.
UFAZ-a daxil olan hər bir tələbə birinci kursa daxil olarkən universiteti bitirənədək istifadə edə biləcəyi fərdi noutbukla təmin olunduğu üçün onların onlayn dərslərə qoşulmaqla bağlı texniki imkanları da mövcuddur. 2019/2020-ci tədris ilində UFAZ-da 537 tələbə təhsilinə davam edib. Onlardan 148 nəfəri birinci kurs, 150 nəfəri ikinci, 114 nəfəri üçüncü tədris ilində təhsil alır, 125 nəfəri isə dördüncü tədris ilini bitirib.

Tehsil-press.az

Oxşar xəbərlər