UNEC-in Professorlar Klubunda növbəti görüş

UNEC-in Professorlar Klubunda növbəti görüş Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Professorlar Klubunda növbəti görüş keçirilib.
Professorlar Klubunun sədri, Maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov yola salmaqda olduğumuz 2020-ci ilə qısa nəzər salaraq, ölkədə pandemiya səbəbi ilə baş verən dəyişikliklər və UNEC-in bu istiqamətdə atdığı addımlardan danışıb. Pandemiya dövründə universitetdə distant təhsil modelinin uğurla tətbiq olunduğunu diqqətə çatdıran professor bu təhsil modelinin daha da təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib. Ə.Ələkbərov pedaqoji heyətin texniki bilik və bacarıqlarının yüksəldilməsi məqsədilə mütəmadi olaraq təlimlərin keçirildiyini və bu proseslərin müsbət nəticələr verdiyini vurğulayıb.
Cari ildə UNEC-in 90 illik yubileyinin qeyd edildiyini deyən Ə.Ələkbərov bu münasibətlə bir sıra əməkdaşların dövlət səviyyəsində təltif edilməsinin ölkə rəhbərliyinin bu ali təhsil ocağında çalışanlara göstərdiyi diqqətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Ə.Ələkbərov 2020-ci ildə Azərbaycan tarixində möhtəşəm Zəfər salnaməsinin yazıldığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdüyünü, torpaqlarımızı işğalçılardan təmizlədiyini, ərazi bütövlüyümüzü, tarixi ədaləti bərpa etdiyini bildirib. Ə.Ələkbərov bu haqlı mübarizədə Azərbaycanın həm hərbi, həm də siyasi meydanda qalib xalq və məğlubedilməz dövlət kimi özünü təsdiq etdiyini deyib. O, Professorlar Klubunun növbəti görüşünün Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada təşkil olunacağını qeyd edib.
Görüşdə Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov, kafedra müdiri, professor Arif Şəkərəliyev, Magistratura Mərkəzinin direktoru, professor Qalib Manafov və klubun digər üzvləri 2020-ci ildə universitetdə aparılan islahatlar, ölkəmizdə və dünyada baş vermiş hadisələrlə baglı fikir mübadiləsi aparıblar.

Tehsil-press.az

Oxşar xəbərlər