UNEC-in qocaman professoru ilə görüş

UNEC-in qocaman professoru ilə görüş Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində universitetin veteran əməkdaşı, professor Tofiq Məmmədovla görüş keçirilib.
Tədbiri açan fakültə dekanı, dosent Mirağa Əhmədov görüşün UNEC-in 90 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində keçirildiyini bildirib. O, Ticarət və gömrük işinin təşkili kafedrasının veteran professoru Tofiq Məmmədovun pedaqoji fəaliyyətindən söz açaraq, onun şərəfli ömür yolundan danışıb.
Ticarət və gömrük işinin təşkili kafedrasının müdiri, professor Arif Şəkərəliyev isə müəllim-tələbə heyətinə Tofiq Məmmədovun elmi-pedaqoji fəaliyyətindən söz açıb. Bildirilib ki, T.Məmmədovun 1992-2006-cı illərdə rəhbərlik etdiyi Marketinq və ticarət kafedrası bakalavr və magistratura pilləsi üzrə yüksəkixtisaslı kadr hazırlığı sahəsində böyük uğurlar qazanıb. Onun elmi rəhbəri olduğu müəllimlərin bir çoxu dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi alıb.
Fakültənin Həmkarlar Təşkilatının sədri, dosent Pikəxanım Xudiyeva və digər çıxış edənlər T.Məmmədovun gözəl insan, istedadlı alim kimi xüsusiyyətlərindən danışıb, onun həm kollektiv, həm tələbələri tərəfindən sevilən pedaqoq olduğunu bildiriblər.
UNEC-in veteran professoru Tofiq Məmmədov sonda xoş sözlərə və göstərilən diqqətə görə universitetin rəhbərliyinə, eləcə də fakültənin professor-müəllim heyətinə minnətdarlığını bildirib. UNEC-də həyata keçirilən uğurlu islahatları daim izlədiyini və qürur duyduğunu qeyd edib.
Sonda T.Məmmədova xatirə hədiyyəsi təqdim edilib.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər